AZƏRBAYCANDA PENSİYALARIN HESABLANMASI QAYDALARINA DƏYİŞİKLİK EDİLƏCƏKDİR
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov AZƏRTAC-a bildirmişdir ki, 2009-cu il yanvarın 1-dən etibarən pensiyaların hesablanması əmək haqqı prinsipi ilə deyil, əmək stajı əsasında aparıla bilər. Artıq bununla bağlı təkliflər hazırlanır.
DSMF-nin sədri yeni təkliflərin səbəbini izah edərkən demişdir ki, hər bir şəxs pensiyaya çıxanda onun pensiyası iki hissədən ibarət olur. 2006-cı il yanvarın 1-dək olan dövrü əhatə edən birinci hissədə pensiyanın məbləği köhnə pensiya sistemi qanunvericiliyinə uyğun hesablanır. İkinci hissə isə 2006-cı il yanvarın 1-dən sonra fərdi uçot sisteminin məlumatlarına əsasən müəyyənləşdirilən pensiya məbləğidir. İkinci hissənin hesablanmasında heç bir problem yoxdur. Çünki hər bir şəxsin fərdi hesabı vardır. Lakin 2006-cı il yanvarın 1-dək olan hesabı müəyyənləşdirmək üçün vətəndaşın 2004-2005-ci illər ərzindəki orta aylıq əmək haqqı əsasında arayış tələb olunur. Həmin arayış əsasında da hər bir vətəndaşın pensiyası müəyyənləşdirilir.
S.Müslümov bildirmişdir ki, pensiya sistemində neqativ hallar da məhz bu zaman meydana çıxır. Çünki arayışların əksəriyyəti arxivlərdən və əvvəllər fəaliyyət göstərdiyi bildirilən müəssisələrdən alınır. DSMF sədri pensiyaların hesablanması zamanı əmək haqqının məbləğinə qoyulan məhdudiyyətlərin də ləğv edildiyini bildirmişdir. Vurğulamışdır ki, bu kimi hallar pensiyaların məbləğinin süni şəkildə şişirdilməsinə şərait yaradır.
Yeni təkliflərin belə neqativ halların qarşısını almaq məqsədilə hazırlandığını diqqətə çatdıran DSMF sədri demişdir ki, təkliflər cari ilin sonunadək qəbul edilərsə, artıq 2009-cu il yanvarın 1-dən pensiyaya çıxanlar üçün bu sistem tətbiq ediləcəkdir.