Azərbaycanda qadınların ictimai həyatda önəmli rol oynamaları üçün əlverişli imkanlar yaradılıb
Bakı, 6 mart, AZƏRTAC
Beynəlxalq Qadınlar Günü münasibətilə kütləvi informasiya vasitələrinin (KİV) əsasən qadın nümayəndələri üçün tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Avropa İttifaqının (Aİ) ölkəmizdəki nümayəndəliyi tərəfindən təşkil olunan tədbirdə qurumun rəhbəri Kestutis Yankauskas Azərbaycan qadınlarını əlamətdar gün münasibətilə təbrik edib. Bildirib ki, Şərqdə qadın hüquqlarını ilk dəfə tanıyan ölkə kimi Azərbaycanda qadınlar kişilərlə bərabər hüquqlara malikdirlər. Qeyd edilib ki, 100 ildən artıq tarixi olan və Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi mühüm sənəd qadınların cəmiyyətin bir hissəsi kimi ölkənin ictimai və sosial həyatında önəmli rol oynamaları üçün əlverişli imkanlar yaradıb.
O diqqətə çatdırıb ki, dünyada qadın hüquqlarının müdafiəsi və azadlıqlarının təmin edilməsi istiqamətində aparılan işlərə baxmayaraq, hələ də gender əsaslı zorakılıq hallar baş verir.
K.Yankauskas deyib: “Avropa İttifaqının Azərbaycan ilə birgə həyata keçirdiyi müxtəlif layihələrin mərkəzində gender əsaslı zorakılığa qarşı mübarizə dayanır. Azərbaycan ilə əlaqələrimiz gündən-günə inkişaf edir. Azərbaycan hökuməti ilə Avropa İttifaqı arasında aparılan danışıqların nəticəsi olaraq, tərəflər əlaqələrini yeni formatda davam etdirəcəklər. Yeni formatı müəyyən edən sazişin hazırlanması üzərində işləyirik”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) hüquq şöbəsinin müdiri Taliyə İbrahimova bildirib ki, Azərbaycan qadınları cəmiyyətdə aparıcı rol oynayırlar. Hər zaman - istər çar Rusiyası, istərsə də SSRİ dövründə qadınlarımız ictimai fəaliyyətlə məşğul olublar. Azərbaycanda maarifpərvər qadınlarımız çox olub.
Dövlət Komitəsinin nümayəndəsi qeyd edib ki, Azərbaycanda qadın sahibkarlığının inkişaf etdirilməsinə göstərilən diqqətin nəticəsidir ki, bu gün ölkəmizdə 265 min qadın sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
Qeyd olunub ki, AQUPDK-nin Avropa İttifaqı, eləcə də BMT ilə birgə apardığı layihələr çərçivəsində ölkəmizdə qadın sahibkarlığı inkişaf edərək yeni mərhələyə qədəm qoyub. Ölkəmizdə doqquz Qadın Resurs Mərkəzinin yaradılması da bu uğurların göstəricisidir.