ELM VƏ TƏHSİL
“Azərbaycanda riyaziyyat elminin tarixi” kitabı nəşr olunub
![“Azərbaycanda riyaziyyat elminin tarixi” kitabı nəşr olunub](/files/2022/2/1200x630/16572663391474164097_1200x630.jpg)
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşı elmi işçi Aybəniz Osmanovanın “Azərbaycanda riyaziyyat elminin tarixi” kitabı işıq üzü görüb.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, kitabın elmi redaktoru institutun baş direktoru tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəyli, rəyçisi isə Təbiət və dəqiq elmlər şöbəsinin müdiri hüquq üzrə fəlsəfə doktoru Vüsalə Həsənovadır.
“Riyaziyyat elminin tarixi kökləri”, “Azərbaycanda qədim və orta əsrlərdə riyaziyyat elminin inkişafı”, “Sovet dövründə Azərbaycanda riyaziyyat elminin inkişafı” və “Azərbaycanda riyaziyyat elmi - müasir dövr” adlı 4 fəsildən ibarət olan kitabın yazılmasında qədim və orta əsr mənbələrindən, eləcə də müasir dövr sənədlərindən, elektron resurslardan istifadə olunub.
Kitabda riyaziyyat elminin mövcud vəziyyətə gəlib çatmasına kömək edən əhəmiyyətli uğurların hər birinin necə əldə edildiyi, bu elmin tarixi inkişaf yolu, yaranma mərhələsi, daha sonrakı mərhələdə isə elmin əsaslandırılması metodları, alimlər tərəfindən həll edilən və yaxud onların qarşısında dayanan problemlər, alimlərin həyatı və elmi məktəblərin tədqiqat istiqamətləri öyrənilib.
Müəllif bildirir ki, bəşəriyyətin inkişafında mühüm rol oynayan riyaziyyat sadə riyazi hesablamalardan mürəkkəb qanunları olan elmə doğru uzun bir tarixi inkişaf yolu keçib. Riyaziyyatın tarixi isə riyaziyyatın obyektiv inkişaf qanunlarını öyrənməklə məşğuldur və riyaziyyat elminin bir sahəsidir. Bütün elmlər kimi, riyaziyyat da fakt, fərziyyə, nəzəriyyə, metodologiya komponentlərini özündə birləşdirərək inkişaf edir və riyaziyyatın tarixi bütün bu komponentlərin tarixi dövr ərzində necə dəyişdiyini öyrənir.
İnstitutun Elmi şurasının qərarı ilə nəşr edilən kitab alimlər, doktorantlar, magistrlər, ali məktəb tələbələri və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.