BDU tələbələri üçün İçərişəhərdə akademik infotur təşkil olunub
Bakı, 26 may, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU), “BDU könüllüləri” təşkilatı və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə universitetin tələbə və əməkdaşları üçün İçərişəhər ərazisində maarifləndirici tədbir və akademik tur keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Tədbirin açılışında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud İçərişəhərin tarixi və onun canlı şəhər kimi qorunması istiqamətində görülən işlər barədə məlumat verib. Sədr qeyd edib ki, İçərişəhər hazırda “ağıllı qoruq” konsepsiyası əsasında inkişaf etdirilir. Cəmi 22 hektarlıq ərazisi və 3 minədək sakini olmasına baxmayaraq, böyük şəhərlərdə tətbiq olunan bütün xidmətlər və proseslər İçərişəhərdə də həyata keçirilir. Turistlər və sakinlər üçün xidmətlərin rəqəmsal idarəetmə platforması yaradılıb, ağıllı mobillik və nəqliyyat idarəetməsi tətbiq olunub. Rüfət Mahmud Qoruq İdarəsinin “Qoru” Gənclər Təşəbbüs Qrupunun fəaliyyətinə də toxunaraq, “BDU könüllüləri” ilə birgə maraqlı layihələrin həyata keçiriləcəyinə əminliyini bildirib.
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev ali təhsil müəssisələri ilə mədəniyyət qurumları arasında əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayıb. Rektor bildirib ki, BDU-da muzey, arxiv işi və abidələrin qorunması, yerşünaslıq və kadastr, coğrafiya, şəhərsalma sahələri üzrə peşəkar kadr hazırlığı həyata keçirilir. Universitetdə könüllülük fəaliyyətinin geniş vüsət aldığını qeyd edən Elçin Babayev BDU-nun Qoruq İdarəsi ilə kadr hazırlığı, könüllülük hərəkatı və birgə layihələrin icrası istiqamətində geniş spektrli əməkdaşlığa tam hazır olduğunu diqqətə çatdırıb.
Rəsmi hissədən sonra iştirakçılar üçün İçərişəhərin tarixi-mədəni irsini yaxından tanıtmaq məqsədilə geniş ekskursiya təşkil olunub. İnfotur çərçivəsində BDU kollektivi İçərişəhərin qədim şəhərsalma xüsusiyyətləri ilə tanış olub, Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Qoşa Qala Qapıları, Buxara və Multanı karvansaraları, eləcə də Numizmatika ekspozisiyası kimi unikal memarlıq nümunələrini və tarixi abidələri ziyarət ediblər. Ekskursiya zamanı tələbələrə abidələrin memarlıq xüsusiyyətləri, orta əsr şəhərsalma prinsipləri, Azərbaycanın bu sahədə formalaşdırdığı zəngin irsin dünya mədəniyyətindəki yeri, həmçinin ərazidə həyata keçirilən yenilənmə və bərpa-konservasiya layihələri barədə ətraflı məlumat verilib.
Proqramın sonunda universitet rəhbərliyi, qoruq nümayəndələri və tələbələr arasında interaktiv müzakirələr aparılıb, şəhərsalma, memarlıq və tarixi irsin qorunması ilə yanaşı, gənclərin elmi dünyagörüşünün formalaşdırılması istiqamətində geniş fikir mübadiləsi həyata keçirilib.