Mixail Qusmana ADU-da “Fəxri professor” adı verilib VİDEO
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) Elmi Şuranın növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, akademik Kamal Abdulla gündəlikdə duran məsələlər barədə məlumat verib.
Bildirilib ki, ADU beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl olaraq uğurlu layihələr həyata keçirir, yeni əməkdaşlıq və tərəfdaşlıq münasibətlərini inkişaf etdirir.
QS reytinq cədvəlində uğurla və inamla irəliləyən universitetin perspektivlərini yüksək qiymətləndirən rektor gələcəkdə də ADU-nun inkişaf strategiyasının uğurla icra olunacağına əminliyini ifadə edib.
Tədbir çərçivəsində görkəmli jurnalist, televiziya və radio aparıcısı, yazıçı və ictimai xadim Mixail Qusmana universitetin “Fəxri professor” adının verilməsi barədə qərar qəbul olunub.
ADU-nun rektoru Kamal Abdulla Mixail Qusmana təşəkkürünü bildirərək, onun təhsilin inkişafına və humanitar əməkdaşlığın möhkəmləndirilməsinə verdiyi mühüm töhfələri xüsusi vurğulayıb.
Elmi Şurada çıxış edən Mixail Qusman göstərilən yüksək etimada və səmimi münasibətə görə universitetin rəhbərliyinə və Şura üzvlərinə təşəkkürünü bildirib. O, “Fəxri professor” adının onun üçün xüsusi və müstəsna əhəmiyyət daşıdığını qeyd edib.