Hidrogen energetikası - onlayn seminar
Bakı, 26 may, AZƏRTAC
Mayın 26-da Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun Beynəlxalq əməkdaşlıq sektorunun illik fəaliyyət planına uyğun olaraq “Hidrogen energetikası” mövzusunda beynəlxalq onlayn seminar təşkil olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Onlayn seminar Kimya İnstitutu və Rusiyanın Kurçatov İnstitutu Milli Tədqiqat Mərkəzinin əməkdaşlığı çərçivəsində baş tutub.
Kimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev iki elmi müəssisədə əlaqələrin yeni mərhələdə daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan da daxil olmaqla, bütün dünyada hidrogen energetikasının gələcək enerji təhlükəsizliyi və yaşıl texnologiyalar baxımından strateji rolundan danışaraq, bu sahədə birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsinin perspektivliyini xüsusi vurğulayıb.
Sonra institutun Beynəlxalq əməkdaşlıq sektorunun baş mütəxəssisi Araz Dövlətov belə seminarların gənc alim və tədqiqatçılar üçün vacibliyini qeyd edib.
Daha sonra Kurçatov İnstitutunun baş elmi işçisi professor Vladimir Fateyev “Hidrogen energetikası” mövzusunda məruzə edib. O, hidrogenin istehsalı, saxlanması, daşınması və enerji sistemlərində tətbiqi ilə bağlı aktual elmi nailiyyətləri və texnoloji yenilikləri seminar iştirakçılarının diqqətinə çatdırıb.
Məruzədən sonra gənc tədqiqatçılar və doktorantlar hidrogen texnologiyalarının Azərbaycanda tətbiqi, mümkün əməkdaşlıq istiqamətləri və gələcək layihələrlə bağlı fikir mübadiləsi aparıblar.