İDMAN
Azərbaycanda velosiped idmanının inkişafına həsr olunmuş “dəyirmi masa” keçirilmişdir
Bakı, 7 noyabr (AZƏRTAC). Noyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində Gənclər və İdman Nazirliyinin (GİN) Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə Azərbaycanda velosiped idmanının inkişafına həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “dəyirmi masa”da Azərbaycan Velosiped İdmanı Federasiyasının, Nəqliyyat, Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Yol Polisinin nümayəndələri, ekspertlər və jurnalistlər iştirak etmişlər.
Tədbirdə çıxış edən GİN-in Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzinin direktoru Qələmşah Sadıxov bildirmişdir ki, məqsəd Azərbaycanda velosiped idmanının inkişafı ilə bağlı problemləri, həmçinin ekoloji baxımdan çox önəmli nəqliyyat vasitəsi hesab olunan velosipedin ölkəmizdə populyarlaşdırılması istiqamətində görülə biləcək işləri müzakirə etməkdir.
Q.Sadıxov rəhbərlik etdiyi qurum tərəfindən bu məqsədlə Azərbaycanda velosiped idmanının inkişaf konsepsiyasının hazırlandığını demişdir. Bildirmişdir ki, konsepsiyada dünya ölkələrindəki mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə velosiped hərəkatının inkişafı üçün görülən işlərin təhlili aparılmış, ümumiləşdirilmiş və ölkəmizin coğrafi xüsusiyyətlərinə uyğunlaşdırılmış yeni yanaşma təklif edilmişdir. O, sənədin müvafiq dövlət qurumlarının, eləcə də velosiped idmanının inkişafı məsələləri ilə birbaşa məşğul olan Azərbaycan Velosiped İdmanı Federasiyasının müzakirəsinə verildiyini bildirmişdir.
Çıxışında bir neçə ay əvvəl İsmayıllı rayonuna səfəri zamanı Prezident İlham Əliyevin velosiped idmanının əvvəllər ölkəmizdə o qədər də geniş yayılmaması, lakin həm gözəl idman növü, həm də nəqliyyat vasitəsi olması barədə fikirlərini xatırladan Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov bu idmanın son dövrlərdə ölkəmizdə yüksəliş dövrünü yaşadığını bildirmişdir. O qeyd etmişdir ki, Fazil Məmmədov Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti seçilməsindən ötən iki il ərzində bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsi, idmanın bu növünün maddi-texniki təchizatının yaxşılaşdırılması, habelə velosiped idmanının yeniyetmə və gənclər arasında geniş təbliği istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Məlumat verilmişdir ki, 2012-ci ildə 23 yaşınadək gənclər arasında, bu ilin may ayında isə peşəkar velosipedçilər arasında ilk dəfə “Tour d`Azerbaidjan” beynəlxalq veloturlarının, habelə bölgələrimizdə müxtəlif respublika əhəmiyyətli yarışların keçirilməsi, eləcə də federasiyanın bu idman növünün ictimai əhəmiyyəti və inkişaf perspektivləri ilə bağlı apardığı sistemli təbliğat velosiped idmanına ictimai marağın artmasına ciddi təkan vermişdir. Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped İdmanı Məktəbində, “Neftçi” İdman Sağlamlıq Cəmiyyətində, Sumqayıt Velosiped İdmanı Klubunda və 8 saylı İdman Olimpiya Məktəbində, eləcə də digər yerlərdə velosiped idmanı ilə məşğul olan spesifik məktəb və klubların fəaliyyəti dəstəklənir, belə idman məktəblərinin regionlarda da açılması istiqamətində tədbirlər görülməkdədir. İdman məktəblərinə, klublarına göstərilən xüsusi diqqət gənc və yeniyetmələrin velosiped idmanına marağını artırır. Velosiped idmanı ilə peşəkar səviyyədə məşğul olan və ilk uğurlarını qazanan idmançılarımızın sayı da getdikcə artır. Bu ilin fevral ayından beynəlxalq yarışlarda iştirak etməyə başlamış “Synerji Baku” komandasının üzvləri ötən müddət ərzində 15 dəfə dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq yarışlarda mükafata layiq yerlər tutaraq podiuma qalxmışlar.
S.Ələkbərov müzakirə olunan konsepsiyanın bu sahənin inkişafı üçün hazırlanmış digər sənədlər kimi diqqətəlayiq olduğunu qeyd etmiş, velosipedin bir idman və nəqliyyat növü kimi inkişaf etdirilməsinə yeni bir töhfə kimi qiymətləndirmişdir.
Digər çıxış edənlər də velosipedin dünyanın əksər ölkələrində nəqliyyat vasitəsi kimi tıxacların qarşısının alınmasına və ekoloji vəziyyətin yaxşılaşdırılmasına yardım etdiyini, ölkəmizdə velosipeddən istifadənin genişləndirilməsinin zəruri olduğunu diqqətə çatdırmışlar.
Qeyd edilmişdir ki, baxımsızlıq üzündən yararsız hala düşmüş respublika velotrekinin bərpası ilə bağlı işlər davam etdirilir, Milli Parkda 4 km uzunluğunda velosiped yolu salınmış, Şıx çimərliyi ilə üzbəüz dağlıq ərazidə Velopark yaradılmışdır. Hazırda şəhərimizin yenidən qurulan hissələrində, habelə digər şəhər və rayonlarda da velosiped yollarının və zolaqlarının salınması gündəmdədir.
Tədbirdə çıxış edən əlaqədar strukturların nümayəndələri Gənclərin Problemi üzrə Elmi Araşdırmalar Mərkəzinin hazırladığı velosiped idmanının inkişafı konsepsiyasının layihəsi ətrafında geniş müzakirələr aparmışlar.