AZƏRBAYCANDA “XALQ NOUTBUKU” PROQRAMI HƏYATA KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, iyunun 2-də HP şirkətinin Azərbaycan üzrə nümayəndəliyi və “DNS Computers” şirkəti Azərbaycanda “Xalq noutbuku” proqramının başlanması ilə bağlı birgə mətbuat konfransı keçirmişlər.
Konfransda İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzinin direktoru Fərid Kazımov layihə barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, “Xalq noutbuku” proqramı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Microsoft” və “İntel” şirkətləri ilə birgə hazırladığı “Xalq kompyuteri” layihəsinə dəstək üçün irəli sürülmüş təşəbbüsdür. “Təhsilimiz gələcəyimizdir” şüarı altında keçirilən bu proqramın məqsədi Azərbaycanda kompyuterləşmənin təmin edilməsi və bu sahədə biliklərin artırılmasıdır.
Layihə ilk öncə tələbələr və gənc mütəxəssislər, habelə məktəb müəllimləri üçün nəzərdə tutulmuşdur.
Proqramda iştirak edən hər bir şəxs HP 530 noutbukunun iki modifikasiyasını (KP464AA,KP477AA) 2 il müddətinə kreditlə ala bilər. İlk 6 ay üçün bank faizləri HP şirkəti tərəfindən ödəniləcəkdir.
“Xalq noutbuku” proqramının iştirakçıları həmçinin kompyuter təhsili üzrə bir aylıq treninq keçə bilərlər. Təlim haqqını “DNS Computers” şirkəti ödəyəcəkdir.