Azərbaycandan “EPEG” üzrə İran istiqamətində ötürülən beynəlxalq trafikin həcminin artacağı proqnozlaşdırılır
Bakı, 26 avqust, AZƏRTAC
Azərbaycanın ilk provayderi "Delta Telecom" şirkəti "Avropa-Yaxın Şərq informasiya magistralı" (EPEG - Europe-Persia Express Gateway) üzrə İran istiqamətində ötürülən beynəlxalq trafikin həcminin artacağını proqnozlaşdırır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu barədə "Delta Telecom" şirkətinin baş direktoru Ramazan Vəliyev məlumat verib. O bildirib ki, İrana qarşı tətbiq edilən sanksiyalar aradan qaldırıldıqdan sonra bu ölkə artıq müasir texnologiyalar ala biləcək.
"Bir neçə ildir ki, İran “EPEG”in ona məxsus olan seqmentini tələb olunan səviyyədə təşkil etməkdə çətinlik çəkirdi, çünki ona qarşı tətbiq edilən sanksiyalar yeni müasir telekommunikasiya avadanlıqlarının alınmasına icazə vermirdi. Sanksiyaların götürülməsi nəticəsində yaxın 6-7 ay ərzində tələb olunan avadanlıq alınacaq, kabel magistralının bu seqmenti yenilənəcək və magistral tam gücü ilə işləməyə başlayacaq", - deyə R.Vəliyev bildirib.
Qeyd edilib ki, bu gün Azərbaycan “EPEG” magistralı üzərindən 700 GB trafik ötürür. Azərbaycandan İran vasitəsilə ötürülən beynəlxalq trafikin həcmi isə hazırda 100 GB təşkil edir. Lakin İran seqmenti tam gücü ilə işləməyə başladıqdan sonra ötürülən trafikin həcmi artacaq.