“AZƏRBAYCANFİLM” SABAHA ÜMİDLƏ BAXIR
Avqustun 2-də Azərbaycanın kino işçiləri özlərinin peşə bayramını qeyd etmişlər. Bəs kino sənayemizin bayraqdarı olan “Azərbaycanfilm” bu bayramı necə qarşılamışdır, burada kinomuzun sabahını necə görürlər?
Kinostudiyanın direktoru, əməkdar incəsənət xadimi Xamis Muradov AZƏRTAC-ın müxbiri ilə söhbətində keçmiş illərdən miras qalmış problemlərin həlli yollarının axtarışından, kollektivə rəhbərlik etdiyi yeddi ay ərzində görülən işlərdən, mövcud çətinliklərin aradan qaldırılmasına göstərilən dövlət qayğısından danışdı. O, xüsusi vurğuladı ki, indiki şəraitdə dövlət səviyyəsində qayğı olmadan kino sənətimizin inkişafı mümkün deyildir. Məhz bu qayğının nəticəsidir ki, vəsait olmadığından yarımçıq qalmış bir neçə ekran əsərinin - tanınmış rejissorlarımız Vaqif Mustafayevin “Manifest”, Oqtay Mirqasımovun “Şəfa kitabı”, Cahangir Mehdiyevin “Hacı Qara”, Ələkbər Muradovun “Güllələnmə təxirə salınır”, Hüseyn Mehdiyevin “Məkanın melodiyası” filmlərinin çəkilişi başa çatdırılmışdır.
Kinostudiyanın texniki bazasının möhkəmləndirilməsi üçün də tədbirlər görülür. Əvvəllər kino lentləri Moskvada, Sankt-Peterburqda və MDB ölkələrinin digər şəhərlərində aşkarlanırdı. İndi buna ehtiyac qalmamışdır. Ümidvarıq ki, bu, “Azərbaycanfilm”in texniki baxımdan müasirləşməsi yolunda sonuncu addım olmaycaqdır.
Direktor indiki şəraitdə çox mühüm olan bir məsələyə də toxunaraq dedi ki, kinostudiya işçilərinin uzun müddət yığılıb qalmış əmək haqqı borcları da ödənilmişdir.
Kinostudiyanın binası çoxdan tikilsə də, burada əsaslı təmir işləri aparılmamışdır. Şübhəsiz ki, indiki halda bu işi daxili imkanlar hesabına görmək mümkün deyildir. Ona görə də bu məsələyə hökumət səviyyəsində baxılmışdır və Nazirlər Kabineti binanın əsaslı təmirinə vəsait ayıracaqdır.
X.Muradov söhbətinin sonunda dedi ki, 1980-ci illərin sonu-1990-cı illərin əvvəllərindəki bütün çətinliklərə baxmayaraq, Azərbaycan kinosu yaşamışdır. İndi kinematoqrafçılarımızın qarşısında duran əsas vəzifə dövlətin, şəxsən Prezident Heydər Əliyevin göstərdiyi diqqət və qayğıya cavab olaraq, kino sənətimizin ənənələrini qoruyub saxlamaqdan və daha da zənginləşdirməkdən ibarətdir. Bu sahədə “Azərbaycanfilm” özünün bütün imkanlarından istifadə edəcəkdir. Biz kinomuzun sabahına ümidlə baxırıq.