İDMAN
Azərbaycanın akademik avarçəkənləri dünya çempionatının dörddəbir final mərhələsinə yüksəliblər
Bakı, 31 avqust, AZƏRTAC
Azərbaycanın akademik avarçəkənləri Aleksandr Aleksandrov və Boris Yotovdan ibarət duet Fransanın Eqebelet əyalətində keçirilən dünya çempionatında mübarizəyə başlayıb.
AZƏRTAC xəbər verir ki, ikinəfərlik qoşa avarlı qayıqla mübarizə aparan cütlük 2000 metr məsafəyə seçmə yürüşdə Sten-Erik Andersen-Kaur Kuslap (Estoniya), Georgi Bojilov - Kristian Vasilyev (Bolqarıstan), Robert Menson - Kris Harris (Yeni Zelandiya), Hüqo Buşeron - Matyö Androdias (Fransa) və Ceyms Makray - Aleksandr Belonoqov (Avstraliya) duetləri ilə yarışıb. Təmsilçilərimiz finişə 6 dəqiqə 17,11 saniyəyə çataraq dördüncü yeri tutublar. Bu nəticə ilə onlar Fransa, Yeni Zelandiya və Avstraliyadan olan cütlüklərlə birlikdə dörddəbir finala yüksəliblər.
Növbəti mərhələ yürüş sentyabrın 3-də keçiriləcək.
İkinəfərlik qoşa avarlı qayıqla yürüşlərdə yekun sıralamada 29 cütlük arasında ilk 11-liyə düşənlər 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq. Bunun üçün təmsilçilərimiz ən azı yarımfinaladək irəliləməli və “B” finalında ilk beşliyə düşməlidirlər.
Qeyri-Olimpiya növü olan birnəfərlik yüngül çəkidəki təmsilçimiz Cavid Əfəndiyev də dörddəbir finala yüksəlib. 25 yaşlı avarçəkənimiz 2000 metr məsafəyə təsəlli yürüşündə yalnız puerto-rikolu Jozef Purmandan 1,84 saniyə geri qalaraq 7 dəqiqə 13,33 saniyə nəticə ilə ikinci yeri tutub. Hər iki idmançı növbəti mərhələyə yüksəlib. Dörddə final yürüşləri sentyabrın 2-də olacaq.
Nüfuzlu reqataya 77 ölkədən 1300 idmançı qatılıb. Onlardan 129-u Olimpiya, 24-ü isə Paralimpiya oyunlarına vəsiqə qazanacaq.
Dünya çempionatına sentyabrın 6-da yekun vurulacaq.