AZƏRBAYCANIN ALİ HƏRBİ MƏKTƏBLƏRİNİN BOŞ YERLƏRİNƏ QƏBUL ÜÇÜN MÜSABİQƏ KEÇİRİLİR
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi müraciətinə əsasən, 2008-2009-cu tədris ili üçün ali təhsil müəssisələrinin Azərbaycan bölməsinin I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında iştirak etmiş və 200-dən çox bal toplamış, 2008-ci il sentyabrın 1-dək 17 yaşı tamam olan və orta məktəbi bitirdiyi ildə 19 yaşı tamam olmayan oğlan abituriyentlərin (yalnız Azərbaycan Respublikasının vətəndaşları) ölkənin ali hərbi məktəblərinin boş (vakant) yerlərinə qəbul olunmaları üçün müsabiqə keçirir.
TQDK-dan AZƏRTAC-a bildirmişlər ki, ali hərbi məktəblərə qəbul olunmaq arzusunda olan namizədlər Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış Sənəd Qəbulu Komissiyasına (ünvan: Xətai rayonu, Zığ qəsəbəsi, Naximov küçəsi, 18) iyulun 31-dək aşağıdakı sənədləri təqdim etməlidirlər: məktəb rəisinin adına ərizə, tərcümeyi-hal; doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surəti (notarius tərəfindən təsdiq olunmuş); xasiyyətnamə; orta təhsil haqqında sənədin surəti; 4 ədəd fotoşəkil (baş geyimsiz, 4,5x6 sm ölçüdə); 18 yaşı tamam olmayan namizədlər üçün valideynlərin və ya onları əvəz edən şəxslərin dövlət notariusunda təsdiq olunmuş razılıq ərizələri; sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ; qanın ümumi analizi, qan qrupu və rezus faktor; tibbi göstərişə görə qanda İİÇV və sifilisə görə seroloji reaksiyaların olub-olmamasına dair müayinə; sidiyin ümumi analizi, nəcisdə helmintlərin yumurtalarının və lyambiyaların sistlərinin olub-olmamasına dair müayinə; psixonevroloji, narkoloji, vərəm, dəri-zöhrəvi və digər dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar.
Şəxsiyyət vəsiqəsi (doğum haqqında şəhadətnamə), çağırışçının qeydiyyat vərəqəsi, orta təhsil haqqında sənədin əsli namizəd tərəfindən şəxsən təqdim olunur.