Azərbaycanın amputant futbol komandaları Gürcüstanda təşkil olunan turnirdə iştirak edirlər
Tbilisi, 5 avqust, AZƏRTAC
Gürcüstanın Müdafiə Nazirliyinin təşkilatçılığı ilə avqustun 5-8-də bu ölkənin əlil amputant veteranları arasında yarış keçiriləcək. Ölkəsinin suverenliyi və ərazi bütövlüyü uğrunda əlil və şəhid olan şəxslərə həsr edilən yarışda iştirak üçün Gürcüstanın Müdafiə Nazirliyi Azərbaycan komandasına da dəvət göndərib.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Azərbaycanın Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının təşkilatçılığı ilə amputant komandalarımız iyulun 27-dən avqustun 2-dək Abşeron Olimpiya İdman Kompleksində təlim-məşq toplanışında iştirak ediblər.
Yarışda Gürcüstanın 6, Azərbaycanın isə 2 (Qarabağ və Abşeron) komandası mübarizə aparacaq. Turnirin final matçı Qori şəhərində keçiriləcək. Final oyunundan sonra Gürcüstan azadlığı və bütövlüyü uğrunda şəhid olanların abidəsi ziyarət olunacaq.
Gürcüstanda yaşayan soydaşlarımız və səfirliyin nümayəndələri, ölkəmizin hərbi attaşesi də komandalarımızı oyunlar zamanı dəstəkləyirlər. Yarışdan əvvəl - avqustun 5-də Gürcüstandakı soydaşlarımız, səfirliyin nümayəndələri, eləcə də hərbi attaşesi, Qarabağ Əlil Döyüşçülər Futbol Federasiyasının təmsilçiləri xalqımızın ümummilli lideri Heydər Əliyevin Tbilisinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi