Azərbaycanın Baş naziri Gürcüstan Prezidentinin andiçmə mərasimində iştirak etmişdir
Tbilisi, 18 noyabr (AZƏRTAC). Gürcüstanın yeni seçilmiş Prezidenti Georgi Marqvelaşvilinin noyabrın 17-də andiçmə mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadənin rəhbərlik etdiyi nümayəndə heyəti mərasimdə iştirak etmişdir.
Prezident Georgi Marqvelaşvili Konstitusiyaya and içdikdən sonra ölkənin daxili və xarici siyasət sahəsində perspektivlərindən danışmış, iqtisadi və siyasi layihələrin həyata keçirilməsinə, demokratiyanın inkişafına, beynəlxalq aləmdə Gürcüstanın etibarlı tərəfdaş imicinin artırılmasına çalışacağını qeyd etmişdir.
Georgi Marqvelaşvili Gürcüstanın qonşu Azərbaycan və Türkiyə ilə siyasi-iqtisadi əlaqələrinin daha da dərinləşdirilməsi istiqamətində lazımi addımların atılacağını da vurğulamışdır.
Mərasimdən sonra Baş nazir Artur Rasizadə Prezident Georgi Marqvelaşvili və gürcüstanlı həmkarı Bidzina İvanişvili ilə ikitərəfli görüşlər keçirmişdir.
Görüşlərdə Azərbaycan-Gürcüstan əlaqələrinin daha da dərinləşdirilməsi, bölgədə sabitliyin təmini, siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlıq və digər aktual məsələlər barədə fikir mübadiləsi aparılmışdır.
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn görüşlərdə iştirak etmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi