AZƏRBAYCANIN DAXİLİ QOŞUNLARININ MÖHKƏMLƏNMƏSİNDƏ TÜRKİYƏNİN JANDARMA QÜVVƏLƏRİNİN XİDMƏTLƏRİ BÖYÜKDÜR
Qonaqlar görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər çiçəklər düzmüşlər.
Türkiyə Jandarma Qüvvələrinin Baş komandanı Şəhidlər xiyabanında, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla anmış, “Əbədi məşəl” və şəhid türk əsgərlərinin şərəfinə ucaldılmış xatirə abidələrinin önünə əklil qoymuş, xatirə kitabına ürək sözlərini yazmış və abidənin ətrafında ağac əkmişdir.
Sonra qonaq Daxili İşlər Nazirliyinə gəlmişdir.
Azərbaycanın daxili işlər naziri general-polkovnik Ramil Usubov qonaqları salamlayaraq qeyd etmişdir ki, son illərdə ölkələrimiz və Silahlı Qüvvələrimiz arasında əməkdaşlıq genişlənir.
Türkiyə-Azərbaycan əlaqələrinin tarixin dərinliyindən gəldiyini deyən nazir qeyd etmişdir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bu əlaqələr ardıcıl və dönməz olmuşdur.
Azərbaycanda ordu quruculuğunun möhkəmlənməsində, inkişafında Türkiyənin Silahlı Qüvvələrinin xidmətlərini xüsusi qeyd edən Ramil Usubov bildirmişdir ki, son 8 ildə Azərbaycanın Daxili Qoşunlarının (DQ) formalaşmasında, müasir tələblərə cavab verən bir silahlı qurum kimi əmələ gəlməsində, onların peşəkar hazırlığının yüksəldilməsində Türkiyənin Jandarma Qüvvələri Komandanlığı böyük işlər görmüşdür.
Daxili İşlər Nazirliyinin (DİN) ayrılmaz hissəsi olan Daxili Qoşunların müasir tələblərə cavab verən silahlı quruma çevrildiyini deyən nazir qeyd etmişdir ki, Qala Tədris Mərkəzinin mövcud vəziyyətə gətirilməsində Türkiyə Jandarma Qüvvələrinin böyük xidmətləri vardır. Bu günədək təlim mərkəzində 1000-dən çox zabit, gizir və DQ-də rəhbər vəzifələrdə çalışan şəxslər burada kurslar keçmiş, öz bilik və təcrübələrini artırmışlar.
Ölkələrimizin daxili işlər nazirlikləri arasında da əlaqələrin genişləndiyini qeyd edən Ramil Usubov bildirmişdir ki, DİN-nin və Daxili Qoşunların 232 nəfər əməkdaşı Türkiyədə hərbi kurslar keçmiş və yüksək ixtisaslara sahib olmuşdur.
Nazir xüsusi qeyd etmişdir ki, qardaş ölkələrimizin prezidentlərinin apardıqları siyasət Azərbaycan-Türkiyə xalqlarının ümumi mənafeyinə xidmət edir.
Azərbaycana gəlişindən məmnun qaldığını bildirən İşık Koşaner Azərbaycan və Türkiyə Silahlı Qüvvələri, o cümlədən Daxili Qoşunlarla Jandarma Qüvvələri arasında uğurla davam edən əməkdaşlıqdan danışmışdır. Bu əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə xidmət etdiyini vurğulayan qonaq, Azərbaycanın Daxili Qoşunlarında görülən işlərlə yaxından tanış olacağını bildirmişdir. O qeyd etmişdir ki, biz bundan sonra da Daxili Qoşunların inkişaf etməsinə, daha da təkmilləşdirilməsinə əlimizdən gələn köməyi əsirgəməyəcəyik.