AZƏRBAYCANIN DÖYÜŞ GƏMİSİ XƏZƏRDƏ KEÇİRİLƏN BİRGƏ TƏLİMLƏRDƏ İŞTİRAK ETMİŞDİR
Avqustun 11-də Azərbaycan Hərbi Dəniz Qüvvələrinin “Quba” baza tral gəmisi və xilasetmə gəmiləri Xəzərdə artıq 11 gündən bəri davam edən hərbi dəniz təlimləri çərçivəsində dənizin Rusiyaya aid sahilyanı cənub-qərb hissəsinə daxil oldular. Ertəsi gün Rusiyanın hərbi gəmilərinə qoşulan bu gəmilər Rusiya Hərbi Hava Qüvvələri aviasiyasının və Qazaxıstan Hərbi Hava Qüvvələrinin iki Su-24 təyyarəsinin və Mi-8 vertolyotlarının müşayiəti ilə təlimlərin son epizodlarını yerinə yetirməyə başladılar.
Avqustun 11-də Rusiya HDQ-nin dəniz piyadası bölmələri döyüş gəmi və katerlərinin, aviasiyanın müşayiəti ilə Xəzərdə qanunsuz dəniz fəaliyyətinin qarşısını almaq əməliyyatı keçirdilər. Bununla yanaşı, Rusiya ordusunun motoatıcı hissələri hücuma keçərək, “terrorçuların” mövqelərini məhv etdilər.
Avqustun 12-də Rusiyanın Dərbənd yaxınlığındakı ərazi sularında Azərbaycan HDQ-nin “Quba” baza tral gəmisi və xilasetmə gəmiləri Rusiya ordusunun bölmələri ilə birlikdə manevrlərdə fəal iştirak etdilər. Xəzərin bioloji ehtiyatlarını qoruyan Rusiya dəniz mühafizəsi qüvvələrinə, sərhəd gəmilərinə yardım əməliyyatı aparıldı. Əməliyyatı havadan Rusiyanın Su-24 və Su-27 qırıcı təyyarrələri, habelə Qazaxıstan HDQ-nin təyyarə və vertolyotları himayə edirdi. Hərbi katerlərin köməyi ilə Xəzərin Rusiyaya aid cənub-qərb sahilyanı hissəsindəki balıqçılıq zonasında mütəşəkkil brakonyerliyə qarşı mübarizə üzrə əməliyyat da keçirildi.
Rusiya Federal Sərhəd Xidmətinin direktoru Konstantin Totski, Rusiya HDQ-nin baş komandanı Vladimir Kuroyedov təlimlərin gedişini izləyirdilər. V.Kuroyedov jurnalistlərə müsahibəsində bildirdi ki, bütün təlimlərin zirvəsi Rusiyanın Xəzərdəki yeganə neft platformasının - “LUKoyl” neft şirkətinə məxsus “Astra” platformasının ”beynəlxalq terrorçulardan xilas edilməsi” olacaqdır. Təlimlərə Rusiyanın Xəzər donanmasının komandanı vitse-admiral Vladimir Masorin bilavasitə rəhbərlik edirdi.
Hərbi dənizçilərimiz avqustun 14-də təlimlərə yekun vurulmasında da iştirak edəcəklər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri