AZƏRBAYCANIN DTT-YƏ ÜZVLÜYÜNÜ HƏMİN TƏŞKİLATIN RƏHBƏRLİYİ DƏSTƏKLƏYİR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Dünya Ticarət Təşkilatına (DTT) üzvlüyü ilə bağlı 20-yə yaxın ölkə ilə ikitərəfli danışıqlar aparılır.
Bu istiqamətdə mühüm nailiyyətlər əldə olunduğunu deyən İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri Ədalət Muradov bildirmişdir ki, işçi qrupunun Cenevrədə keçirilən sonuncu iclasında təşkilatın rəhbərliyi Azərbaycanın quruma üzvlüyünü dəstəkləmişdir.
Türkiyə, Oman və Birləşmiş Ərəb Əmirlikləri ilə aparılmış danışıqlar nəticəsində protokollar imzalanmışdır. Gürcüstan, Qırğızıstan, Moldova ilə protokolların imzalanma vaxtı dəqiqləşdirilir. Bununla yanaşı, Azərbaycan hökuməti Avropa İttifaqı, ABŞ, Yaponiya, Tayvan, Koreya Respublikası, Hindistan və Norveçlə də ikitərəfli danışıqları davam etdirir. Bütün bunların nəticəsidir ki, cari ilin mayında təşkilata üzvlüklə bağlı işçi qrupunun Cenevrədə keçirilmiş 5-ci iclasında ölkəmizə dair ümumiləşdirilmiş sənədin - Faktlar İcmalının hazırlanması ilə bağlı qərar qəbul olunmuşdur. Bunun əsas səbəbi Azərbaycanın üzvlük istiqamətində indiyədək gördüyü işlərin müsbət qiymətləndirilməsidir.
Faktlar İcmalında, əsasən, təşkilatın ölkəmizə ünvanlanmış suallarının cavabları əks olunacaqdır. Bu cavablar əsasında Azərbaycanın DTT-yə üzvlüyü ilə bağlı konkret addımların atılacağı gözlənilir. Avqust ayında icmalın hazırlanması ilə bağlı DTT-nin Azərbaycana göndərəcəyi suallar cavablandırılacaqdır. Cari ilin sonunda Azərbaycanın təşkilata üzvlüyü ilə bağlı işçi qrupunun 6-cı iclasında icmalın müzakirəsi nəzərdə tutulmuşdur.