Azərbaycanın elektroenergetika sisteminin müasir texnologiyalar əsasında inkişafı mövzusunda beynəlxalq konfrans başlamışdır
Bakı, 17 sentyabr (AZƏRTAC). Sentyabrın 17-də Bakıda “Azərenerji” ASC Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu və Rusiya Elmlər Akademiyasının L.A.Melentyev adına Energetik Sistemlər İnstitutunun təşkilatçılığı ilə “Böyük energetika sistemlərinin etibarlılığının tədqiqinin metodik məsələləri” Beynəlxalq seminar-konfransı başlamışdır.
Ayın 21-dək davam edəcək konfransda Azərbaycanın elektroenergetika sisteminin müasir texnologiyalar əsasında inkişafı, onun maddi-texniki bazasının gücləndirilməsi məqsədilə yerli sənaye potensialının yaradılması, bu sahədə çalışan mütəxəssislərin əldə etdikləri elmi-praktik nailiyyətləri müzakirə olunacaqdır.
Beynəlxalq seminarda MDB ölkələrinin bu sahədə tanınmış görkəmli alimləri iştirak edir. Tədbirdə elektroenergetika sistemlərinin etibarlılıq məsələlərinə dair 80-dən artıq elmi məruzənin dinlənilməsi nəzərdə tutulmuşdur. Məruzələr əsasən elektroenergetika sistemlərinin etibarlılıq, dayanıqlılıq, idarəetmə və smart texnologiya məsələlərinə həsr olunacaqdır.
Beynəlxalq seminar-konfrans Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun, AMEA-nın və Sumqayıt Texnologiyalar Parkının dəstəyi ilə təşkil edilmişdir.
Seminar iştirakçıları Bakı şəhərinin mədəni-tarixi abidələri, Sumqayıt Texnologiyalar Parkı və müasir tipli Sumqayıt elektrik stansiyası ilə də tanış olacaqlar.