Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələrin adları açıqlanıb
Bakı, 30 dekabr, Elvin Camalov, AZƏRTAC
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Ekvador olub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 436,7 milyon ABŞ dolları, Meksika ilə 46,8 milyon dollar, Ekvadorla isə 35,7 milyon dollar təşkil edib. 2019-cu ilin müvafiq dövrünə nisbətən İspaniya və Meksika ilə ticarət dövriyyəsi azalıb, Ekvador ilə artıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədirlər. Cari ildə İspaniyadan idxalın dəyəri 108,1 milyon dollar, Meksikadan 46,6 milyon dollar, Ekvadordan isə 35,7 milyon dollar təşkil edib. Meksikadan idxal əməliyyatlarının dəyəri azalıb, İspaniya və Ekvadordan artıb.
On bir ayda ən çox məhsul ixrac edilən ispandilli ölkələr İspaniya, Argentina və Kolumbiyadır. İspaniyaya ixracın dəyəri 328,6 milyon dollar, Argentinaya 3,5 milyon dollar, Kolumbiyaya isə cüzi olub. İspaniyaya məhsul ixracı azalıb, Argentinaya isə artıb.