AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ İLƏ BAĞLI POLŞANIN TUTDUĞU MÖVQE YÜKSƏK QİYMƏTLƏNDİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Polşanın xarici işlər nazirinin müavini Andrey Kremer ilə görüşmüşdür.
Azərbaycan ilə Polşa arasında tarixi əlaqələri xatırladan E.Məmmədyarov siyasi sahədə qarşılıqlı anlaşmanın yüksək səviyyəsindən məmnunluğunu bildirmiş, iqtisadi potensialın genişləndirilməsinin zəruriliyini vurğulamışdır. Nazir Polşanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə prinsipial mövqe nümayiş etdirərək, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirmişdir.
A.Kremer Azərbaycanın regionda Polşanın strateji tərəfdaşı olduğunu diqqətə çatdırmış, bütün istiqamətlərdə təmasların genişləndirilməsinin, nazirliklər arasında əməkdaşlıq haqda memoranduma əsasən məsləhətləşmələrin davam etdirilməsinin, digər qurumlar arasında da mübadilələrin aparılmasının vacibliyini vurğulamışdır. O, E.Məmmədyarovu Varşavaya rəsmi səfərə dəvət etmişdir.
Görüşdə Avropaya inteqrasiya sahəsində Polşanın təcrübəsindən yararlanmaq məqsədi ilə birgə müzakirələrin keçirilməsi, “GUAM-ın dostları” qrupunun genişləndirilməsi, təhlükəsizlik sahəsində dialoqun qurulması, qarşılıqlı şəkildə sərmayə qoyuluşu, mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.