MƏDƏNİYYƏT
Azərbaycanın görkəmli kino rejissoru Gülbəniz Əzimzadənin xatirəsi anılmışdır
Bakı, 11 aprel (AZƏRTAC). Aprelin 11-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kino rejissoru, Əməkdar İncəsənət Xadimi, Dövlət Mükafatı laureatı Gülbəniz Əzimzadənin 65 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, fondun foyesində rejissorun həyat və yaradıcılıq yolunu əks etdirən fotosərgi açılmışdır.
Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət Xadimi Cəmil Quliyev görkəmli kinorejissorun həyat və yaradıcılığından, onun Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərindən danışmışdır.
Bildirilmişdir ki, Gülbəniz Əzimzadə Bakıda ziyalı ailəsində anadan olmuşdur. Atası Yusif Əzimzadə yazıçı, anası Gülnaz Salamova isə rəssam idi. Səkkizinci sinfi bitirdikdən sonra o, Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində oxumuşdur. 1969-1974-cü illərdə isə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsində təhsil almışdır.
G.Əzimzadə 1974-1998-ci illərdə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-rejissor işləmişdir. Filmləri bir sıra kinofestivallarda mükafatlara layiq görülmüşdür.
Onun Anarın “Dantenin yubileyi” povesti əsasında quruluş verdiyi eyniadlı film 1978-ci ildə ekranlaşdırılmış və maraqla qarşılanmışdır. Rejissorun “Təkcə adanı özünlə apara bilməzsən” bədii filminin əsas mövzusunu insana və təbiətə məhəbbət təşkil edir. Gülbəniz Əzimzadəyə böyük uğur qazandıran bu film bir sıra mükafatlara layiq görülmüşdür.
Vurğulanmışdır ki, bunlardan başqa, G.Əzimzadə “Qaladan tapılan mücrü”, “Ötən ilin son gecəsi”, “İmtahan”, “Qətl günü” kimi maraqlı filmlərin də quruluşçu rejissorudur. Onun “Müqəddəs oda yanaram” və “Ümid” adlı yeni dövr filmlərində Qarabağ müharibəsinin gətirdiyi faciələr və insanın həyatda yerini axtarması kimi mühüm mövzular əksini tapmışdır.
İstedadlı kinorejissor Gülbəniz Əzimzadə 2006-cı ilin dekabrında uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişmişdir.
Digər çıxış edənlər də G.Əzimzadənin yaradıcılıq uğurlarından danışmış, onunla bağlı xatirələrini bölüşmüşlər.
Tədbirdə görkəmli rejissorun bədii və sənədli filmlərindən fraqmentlər göstərilmişdir.