Azərbaycanın hərtərəfli inkişafı güclü dövlət modelinin uğurunu təsdiqləyir - ŞƏRH
Bakı, 8 iyul, AZƏRTAC
Azərbaycanın son illərdə bütün istiqamətlər üzrə əldə etdiyi mühüm nailiyyətlər ölkənin güclü iqtisadiyyata, müasir orduya və öz daxili potensialına arxalanan dayanıqlı dövlətə çevrildiyini nümayiş etdirir. Həyata keçirilən ardıcıl islahatlar, milli maraqlara əsaslanan inkişaf strategiyası və düşünülmüş dövlət siyasəti nəticəsində Azərbaycan regionun aparıcı ölkəsi kimi mövqeyini daha da möhkəmləndirib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal söyləyib.
Onun sözlərinə görə, müasir dövrdə dövlətlərin gücü yalnız təbii sərvətlərlə deyil, iqtisadi dayanıqlılığı, texnoloji inkişafı, təhlükəsizlik sistemi, insan kapitalı və müstəqil qərarvermə imkanları ilə ölçülür. Azərbaycan isə bütün bu istiqamətlərdə mühüm uğurlar əldə edərək güclü dövlət modelini formalaşdırıb.
Aqil Camal bildirib ki, ölkədə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən siyasət qeyri-neft sektorunun inkişafına mühüm təkan verib. Yeni sənaye parklarının və məhəllələrinin yaradılması, kənd təsərrüfatının modernləşdirilməsi, rəqəmsal texnologiyaların tətbiqi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi və əlverişli investisiya mühitinin formalaşdırılması Azərbaycanın iqtisadi dayanıqlığını daha da artırıb. Bunun nəticəsində ölkə qlobal iqtisadi proseslərə daha hazırlıqlı şəkildə qoşulur və xarici təsirlərə qarşı müqavimətini gücləndirir.
O qeyd edib ki, güclü iqtisadiyyat sosial rifahın yüksəldilməsi üçün də əsas şərtdir. Son illərdə sosial müdafiə mexanizmlərinin genişləndirilməsi, əməkhaqlarının, pensiya və sosial ödənişlərin artırılması, yeni məktəblərin, xəstəxanaların, yolların və digər infrastruktur obyektlərinin tikilməsi ölkənin iqtisadi imkanlarının insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldiyini göstərir.
Aqil Camalın sözlərinə görə, Azərbaycanın qüdrətli ordu quruculuğu sahəsində qazandığı uğurlar da ölkənin inkişaf strategiyasının mühüm tərkib hissəsidir: “Müasir silah və texnika ilə təchiz olunan Silahlı Qüvvələr, peşəkar kadr hazırlığı, müdafiə sənayesinin inkişafı və hərbi infrastrukturun müasirləşdirilməsi Azərbaycanın təhlükəsizlik sistemini daha da gücləndirib. Güclü ordu yalnız ölkənin ərazi bütövlüyünün və suverenliyinin etibarlı təminatı deyil, həm də regionda sülhün və sabitliyin qorunmasına mühüm töhfə verən amildir. Azərbaycanın özü-özünü təmin edən ölkəyə çevrilməsi strateji baxımdan mühüm nailiyyətdir. Ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində həyata keçirilən layihələr, yerli istehsalın genişləndirilməsi, ixracyönümlü məhsulların həcminin artırılması, enerji təhlükəsizliyinin möhkəmləndirilməsi və bərpaolunan enerji sahəsində reallaşdırılan layihələr ölkənin iqtisadi müstəqilliyini daha da gücləndirir.
İctimai birlik sədri əlavə edib ki, Azərbaycan bu gün yalnız enerji ixrac edən dövlət kimi deyil, həm də beynəlxalq nəqliyyat və logistika mərkəzi kimi əhəmiyyətini artırır. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, müasir liman, dəmir yolu və avtomobil yolu infrastrukturu ölkənin geoiqtisadi mövqeyini daha da möhkəmləndirir və Azərbaycanı Avrasiya məkanında mühüm tranzit mərkəzlərindən birinə çevirir.
Aqil Camal hesab edir ki, əldə olunan uğurların əsasını düzgün müəyyənləşdirilmiş dövlət strategiyası və milli maraqlara söykənən idarəetmə modeli təşkil edir. Bu siyasət iqtisadi inkişafla yanaşı, elm, təhsil, innovasiya, rəqəmsal transformasiya, mədəniyyət və insan kapitalının inkişafını da prioritet istiqamətlər sırasında saxlayır. Məhz bu kompleks yanaşma Azərbaycanın davamlı inkişafını təmin edir: “Bu gün Azərbaycan həm iqtisadi gücü, həm müdafiə potensialı, həm də beynəlxalq nüfuzu ilə öz sözünü deyən dövlətlər sırasındadır. Ölkənin daxili resurslara söykənən inkişaf modeli gələcəkdə də yeni uğurların əldə olunmasına imkan verəcək. Güclü iqtisadiyyat, qüdrətli ordu, müasir infrastruktur, enerji və ərzaq təhlükəsizliyi, yüksək idarəetmə sistemi Azərbaycanın dayanıqlı inkişafının əsas sütunlarıdır. Bu model ölkəmizin gələcək nəsillər üçün daha güclü, daha rəqabətqabiliyyətli və daha firavan dövlət kimi inkişafını təmin edəcək".
O əlavə edib ki, mövcud inkişaf dinamikası Azərbaycanın regional liderliyini daha da möhkəmləndirəcək, beynəlxalq layihələrdə rolunu artıracaq və ölkənin milli maraqlarının etibarlı şəkildə təmin olunmasına uzunmüddətli zəmin yaradacaq.