Azərbaycanın İstanbuldakı baş konsulu azərbaycanlı tələbələrlə görüşüb
İstanbul, 21 fevral, AZƏRTAC
Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev şəhərin müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Tədbir Azərbaycanın İstanbuldakı baş konsulluğunun təşkilatçılığı ilə baş tutub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Məsim Hacıyev xarici ölkələrdə təhsil alan tələbələrimizə və ümumilikdə ölkə gənclərinə Azərbaycan dövləti tərəfindən göstərilən qayğı və dəstəkdən danışıb. O, vətəndən kənarda təhsil alan tələbələrimizin Azərbaycanın xaricdə təbliğ edilməsində rolundan və dövlətimizlə gənclər arasında mövcud birliyin əhəmiyyətindən söz açıb, onların hər zaman dövlət dəstəyinə arxalana biləcəklərini vurğulayıb.
Sonra baş konsul tələbələrin suallarını cavablandırıb.
M.Hacıyev tələbələri fevralın 26-da Azərbaycanın İstanbuldakı baş konsulluğu və Bağcılar Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 27-ci ildönümünü anma münasibətilə keçirilməsi nəzərdə tutulan yürüşə dəvət edib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul