SİYASƏT
Azərbaycanın Koreya Respublikasındakı səfirliyində yaradılan seçki məntəqəsi səsverməyə tam hazırdır VİDEO
Seul, 6 fevral, AZƏRTAC
Fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Koreya Respublikasındakı səfirliyində yaradılan seçki məntəqəsi səsvermə üçün tam hazırdır.
AZƏRTAC xəbər verir ki, prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə xaricdə yaradılan 49 seçki məntəqəsindən biri də Koreya Respublikasındadır. Səsvermə yerli vaxtla saat 08:00-da (Bakı vaxtı ilə saat 03:00) başlayacaq. Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verən seçicilərin siyahısı tərtib olunub. Seçicilərin öz iradələrini azad və sərbəst şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb.
Azərbaycanın Koreya Respublikasındakı səfirliyində yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən seçki günü Seulda olacaq səsvermə hüququna malik seçicilər də səs verə biləcəklər.
Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ölkəmizdə keçiriləcək ilk seçki olan növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Qanunvericiliyə uyğun olaraq, prezident seçkiləri ilə əlaqədar səsvermə ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq 08:00-da başlayacaq və 19:00-da başa çatacaq. Azərbaycanın diplomatik missiyalarında yaradılmış seçki məntəqələrində səsvermə ölkəmizin Koreya Respublikasındakı səfirliyində başlayacaq, ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğunda tamamlanacaq.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Seul