Azərbaycanın mərd oğulları Qarabağda qəhrəmanlıq dastanı yazdılar
Naxçıvan, 23 noyabr, AZƏRTAC
Bu payız bizim üçün sözün əsl mənasında qızıl payız oldu. Bu payız zəfərimizin ilk baharı oldu. Artıq Qarabağ yeni, azad bahara hazırlaşacaq. Ulu Öndərimizin ilk dəfə Naxçıvanda ucaltdığı, azadlığımızı, türklüyümüzü, imanımızı özündə birləşdirən üçrəngli bayrağımızı bu gün Azərbaycan igidləri Qarabağda dalğalandırdılar, zirvələrə yüksəltdilər. Bu torpaqda qəhrəmanlıq dastanı yazıldı.
Bu fikirləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə II kurs tələbəsi İlahə Allahverdiyeva söyləyib. O deyib ki, işğal etdiyi yerləri tərk etməyə məcbur olan düşmən öz xislətini gizlətməyərək evlərə, məktəblərə od vurub yandırır. Onların xislətindən doğan bu yanğın sondürüləcək, əvəzində isə bayram tonqalı qurulacaq bu müqəddəs torpaqlarda. Cıdır düzündə min illərdən bəri qoruyub saxladığımız Novruz adət-ənənələri yenidən canlanacaq. Vətən müharibəsində bir yumruq kimi birləşən insanlarımız o tonqalın ətrafında milli rəqsimiz yallını oynayacaq.
Müsahibimiz qeyd edib ki, Vətən müharibəsinin nəticəsi olaraq imzalanan Bəyanata Naxçıvan Muxtar Respublikasının ölkəmizin əsas ərazisi ilə nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan maddənin salınması Naxçıvanın 30 illik blokadadan azad olunmasına yol açacaq. İndiyədək blokada şəraitində yaşamasına baxmayaraq, inkişaf edən doğma diyarımız bundan sonra daha sürətlə inkişaf edəcək. Bu baxımdan Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası çox böyük perspektivlər vəd edir.