AZƏRBAYCANIN MİLLİ AZLIQLARI DAĞLIQ QARABAĞDA KEÇİRİLƏN REFERENDUMA ETİRAZ EDİRLƏR
Azərbaycanın Rus icmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin öz çıxışında bildirmişdir ki, vaxtilə ölkədə Məşvərət Şurası fəaliyyət göstərirdi. Şuraya milli azlıqların bir çox təşkilatları və mədəniyyət mərkəzləri daxil idi. Lakin Şura xeyli vaxtdır, əslində, fəaliyyət göstərmir. O vurğulamışdır ki, ümummilli lider Heydər Əliyevin müdrik milli siyasətinin ardıcıl surətdə həyata keçirilməsi nəticəsində hazırda respublikada baş verən əsaslı dəyişikliklərlə əlaqədar müstəqil Azərbaycanın bütün milli icmalarının fəaliyyətini birləşdirəcək və əlaqələndirəcək təşkilat yaratmağın vaxtı çatmışdır.
Yığıncaqda Azərbaycanın Milli Azlıqları Konqresini yaratmaq təklif olunmuşdur.
15 milli icmanın nümayəndələrinin təmsil olunduğu yığıncaqda ümumi səsvermə yolu ilə Azərbaycan Respublikasının Milli Azlıqları Konqresi yaradılmışdır. Zəruri təşkilati məsələlərə də baxılmış, işçi qrupu təşkil olunmuş, Nizamnamə qəbul edilmişdir.
Təsis yığıncağının iştirakçıları - Kürd icmasının sədri Kamil Həsənov, Dağ yəhudiləri icmasının sədri Semyon İxiilov, Milli Qəhrəman, şəhid Yuri Kovalyovun anası Larisa Kovalyova və başqaları çıxışlarında Konqresin yaradılmasının vacibliyini, ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin dostluğu və əməkdaşlığının möhkəmləndirilməsində onun rolunu vurğulamışlar. Onlar erməni separatçılarının Dağlıq Qarabağda törətdikləri təxribatlardan hiddətləndiklərini bildirmişlər.
Yığıncaqda BMT, ATƏT, Avropa Şurası, ABŞ Dövlət Departamenti və Konqresi, Fransa parlamenti, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi və Dövlət Dumasına müraciət qəbul olunmuşdur. Müraciətdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bu il dekabrın 10-da keçirilən “konstitusiya referendumu”na qəti etiraz ifadə olunur. Bildirilir ki, Dağlıq Qarabağın separatçı rejiminin bu aksiyası təkcə Azərbaycanın Konstitusiyasına deyil, həm də beynəlxalq hüququn normaları və prinsiplərinə ziddir.
Müraciətdə deyilir ki, əsrlər boyu onlarca millətin nümayəndələri Azərbaycanda sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Suveren demokratik ölkənin vətəndaşları kimi onların bütün hüquqları var, öz mədəniyyətlərini, dillərini və ənənələrini qoruyub inkişaf etdirirlər. Bu, ümummilli lider Heydər Əliyevin müdrik siyasəti sayəsində mümkün olmuşdur. Hazırda bu siyasəti onun layiqli varisi Prezident İlham Əliyev uğurla davam etdirir.
Azərbaycanın Milli Azlıqları Konqresi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həlli sahəsində Azərbaycan rəhbərliyinin səylərini tam dəstəklədiyini bəyan etmişdir.
Konqres qondarma “referendum” aktını pisləməyə, onun nəticələrini tanımamağa, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli yollarının axtarışına yönəldilmiş səyləri qətiyyətlə dəstəkləməyə çağırmışdır.