Azərbaycanın müdafiə nazirinin cəbhə bölgəsinə səfəri davam edir
Bakı, 8 noyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində səfərdədir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Zakir Həsənovu Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov və digər yüksək rütbəli zabitlər müşayiət edirlər.
Səfər çərçivəsində şəxsi heyətlə görüşlər və hərbi hissələrlə tanışlıq davam edir.
Zabit heyəti ilə keçirilən müşavirə və görüşlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən həyata keçirilən islahat və quruculuq işlərindən, həmçinin dövlət rəhbərliyinin ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələrdən danışılmış, xidməti məsələlər müzakirə edilmişdir.
Döyüş bölgəsində yerləşən hərbi hissələrə baş çəkən Azərbaycan Respublikasının müdafiə naziri və Silahlı Qüvvələrin Baş Qərargah rəisi yerlərdə mövcud vəziyyətlə tanış olmuş, təmas xəttində döyüş növbəsi çəkən hərbi qulluqçularla görüşmüşlər.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov növbəti rütbələr verilmiş, medal və qiymətli hədiyyələr təqdim olunmuş hərbi qulluqçularla xatirə şəkli çəkdirmişdir.
Müdafiə Nazirliyi rəhbərliyinin cəbhə bölgəsinə səfəri davam edir.