Azərbaycanın Müstəqilliyinin Bərpası Günü Batumidə qeyd olunub
Tbilisi, 21 oktyabr, AZƏRTAC
Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə ölkəmizin Batumidəki baş konsulluğunun, “Əli və Nino” adına Gürcüstan-Azərbaycan Sosial Mədəni İnkişaf Mərkəzinin təşkilati dəstəyi ilə tədbir keçirilib.
Baş konsulluqdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşadığı və 1991-ci il oktyabrın 18-də müstəqilliyin bərpa edildiyi bildirilib.
Tədbirdə çıxış edənlər müstəqilliyin ilk illərinin asan olmadığını, Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, Ermənistan tərəfindən torpaqlarımızın işğal edildiyini, ölkədə iqtisadiyyatın tənəzzülə uğradığını, daxili sabitliyin pozulduğunu vurğulayıblar. Belə bir çətin dövrdə xalqın tələbi ilə 1993-cü ildə Azərbaycanda siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin ölkədəki xaos və anarxiyanı, iqtisadi, siyasi, mənəvi və psixoloji gərginliyi aradan qaldırdığı, bununla da müstəqil Azərbaycanın inkişaf yoluna qədəm qoyduğu vurğulanıb. Ümummilli Liderin yürütdüyü uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olduğu xüsusi qeyd edilib.
Çıxışlarda, həmçinin Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində regionda lider dövlətə çevrilən Azərbaycanın 44 günlük Vətən müharibəsində düşməni darmadağın edərək ərazi bütövlüyünü bərpa etdiyi diqqətə çatdırılıb. Qarabağın işğaldan azad olunmasından sonra bu ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərindən, regionda yeni reallığın yaranmasından danışılıb və bunun ölkə iqtisadiyyatına böyük fayda gətirəcəyi bildirilib.
Tədbirdə Acarıstan Muxtar Respublikasında yaşayan soydaşlarımızın durumu, Azərbaycanın tarixi, mədəniyyəti və diasporun davamlı fəaliyyətinin təmin olunması üçün belə tədbirlərin gələcəkdə də keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi