Azərbaycanın orta məktəblərində şagirdlər 10-11-ci siniflərə yeni qaydalarla qəbul ediləcəklər
Baki, 8 oktyabr (AZƏRTAC). Azərbaycanın bütün orta məktəblərində 10-11-ci siniflər təmayüllər üzrə təşkil olunacaqdır.
Təhsil Nazirliyinin şöbə müdiri Aydın Əhmədov AZƏRTAC-a bildirmişdir ki, tam orta təhsil səviyyəsində təhsili təmayüllər üzrə təşkil etmək məqsədilə artıq hazırlıq işlərinə başlanılmışdır. Bu məqsədlə 2011-2012-ci tədris ili üçün Bakı şəhərində 5 pilot müəssisə seçilmiş və həmin müəssisələrdə artıq yeniliyin tətbiqinə start verilmişdir.
Bununla əlaqədar nazirlikdə 4 istiqamət üzrə tədris planı təsdiqlənmiş, tədris olunan təmayül fənlər üzrə proqramlar hazırlanmışdır. Pilot müəssisələrdə təmayül siniflərdə təhsil alacaq uşaqların seçimi aparılmışdır. Həmin siniflər şagirdlərin meyil-marağı nəzərə alınmaqla, seçim əsasında komplektləşdirilmişdir.
A.Əhmədov demişdir ki, orta məktəblərdə kurikulum, yəni yeni məzmun əsasında tədrisə 2008-2009-cu tədris ilindən başlanılmışdır. Həmin uşaqlar gələn il 5-ci sinifdə olacaqlar. Onlar 9-cu sinfi bitirdikdən sonra bu yenilik bütün ölkədə tətbiq olunacaqdır. Artıq kurikulum əsasında təhsil alanların ilk buraxılışı olduqdan sonra respublikanın bütün orta məktəblərində 10-11-ci siniflər təmayüllü olacaqdır.
Nazirlik rəsmisinin sözlərinə görə, bu yenilik tətbiq edildikdən sonra icbari təhsil səviyyəsini bitirən şagirdlərin hamısı tam orta təhsil səviyyəsinə qəbul olunmayacaqlar. Məktəblərdə 9-cu sinfi bitirən şagirdlər arasında seçim aparılacaqdır. 10-cu sinfə yaxşı oxuyan, gələcəkdə ali məktəbdə təhsil almaq potensialı olan şagirdlər qəbul olunacaqlar. Qalan şagirdlər isə təhsillərini texniki peşə məktəbləri və ya orta ixtisas təhsili müəssisələrində davam etdirə bilərlər.
O qeyd etmişdir ki, məktəblərdə təmayüllü siniflərin istiqamətləri şagirdlərin elmə olan marağı əsasında müəyyənləşdiriləcəkdir. Təmayüllü siniflər təşkil edildikdən sonra hazırda fəaliyyət göstərən lisey və gimnaziyaların fəaliyyəti ilə bağlı hər hansı dəyişikliyin edilib-edilməyəcəyinə gəldikdə, A.Əhmədov bildirmişdir ki, həmin müəssisələrin verdikləri təhsilin məzmununda müəyyən təkmilləşdirmələr aparıla bilər.
Nazirlik səlahiyyətlisinin sözlərinə görə, gələn il təmayüllü siniflərin yaradılacağı pilot müəssisələrinin sayının artırılacağı, eyni zamanda pilot məktəblərin həm Bakı, həm də rayonlardan seçilməsi nəzərdə tutulmuşdur. Nazirlik eksperimentin miqyasını sonrakı illərdə də genişləndirilməyi planlaşdırmışdır.
Təhsili təmayüllər üzrə təşkil etmək məqsədilə Bakı Avropa Liseyi, Fizika-riyaziyyat və informatika təmayüllü lisey, "Elitar" gimnaziya, akademik Zərifə Əliyeva adına məktəb, 6 nömrəli məktəb-lisey pilot müəssisələr seçilmişdir.