Azərbaycanın qadın cüdoçusu Kifayət Qasımova IJF reytinqi onluğunun astanasındadır
Bakı, 12 may (AZƏRTAC). Azərbaycanın qadın cüdoçusu Kifayət Qasımova (57 kq) Olimpiadada iştirak etmək uğrunda mühüm addım atmışdır. Bu, Bakıda keçirilmiş Qran-pri yarışları başa çatdıqdan sonra Beynəlxalq Cüdo Federasiyasının növbəti reytinqində açıqlanmışdır. Kifayət Qasımova parlaq qələbə sayəsində reytinq cədvəlinin 12-ci pilləsinə qalxmış və Olimpiya oyunlarında iştirak etmək şanslarını xeyli artırmışdır.
Kişilərdən fərqli olaraq qadınların hesabatında reqlament seçimi daha sərtdir. Londonda keçiriləcək Olimpiya oyunlarında yalnız reytinq üzrə 14 ən yaxşı qadın idmançı iştirak edəcəkdir. Məhz buna görə, Kifayət Qasımovanın Qran-pri yarışlarında qələbəsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan cüdoçusunun 580 xalı vardır və o, Fransa idmançısı Morqan Ribodan 23 bal geri qalır. Lakin Kifayət Qasımovanın üstünlüyü ondadır ki, Qran-pri yarışlarında əldə etdiyi 200 bal bütünlüklə onun aktivinə yazılacaqdır və faizlərə bölünməyəcəkdir. Olimpiya seçimi isə həlledici mərhələyə qədəm qoyur. Azərbaycan cüdoçusu 14 ən yaxşı idmançı sırasında olsa da, hələlik istəyinə tam nail ola bilməmişdir. Növbəti yarışlar isə mövcud vəziyyəti dəyişə bilər. Belə ki, Kifayət Qasımova Olimpiya oyunlarının gələcək iştirakçısı dərəcəsində özünü təsdiq etmək üçün daha bir neçə yarışda uğurla mübarizə aparmalıdır.
Burada bir şərt də mühüm əhəmiyyət kəsb edir. Hər bir dərəcə üzrə yalnız 8 ən güclü idmançı səpələnir və uğurlu püşkatmaya ümid bəsləyir, digər idmançılar isə elə ilk qarşılaşmada ciddi rəqiblərlə üzləşə bilər. Buna görə də səpələnmişlər statusu əldə etməklə reytinq üzrə ən güclü 8 idmançı sırasına düşmək vacibdir. Hələlik öz dərəcələri üzrə 5-ci yerdə olan Elnur Məmmədli (81 kq) və Elxan Məmmədov (90 kq) bununla öyünə bilərlər.
London yarışlarında iştirak etmək üçün yaxşı şansları olan Avropa çempionatının finalçısı Tərlan Kərimov 66 kiloqrama qədər çəki dərəcəsində idmançılar arasında on beşincidir. Qran-pri yarışlarının onun üçün çox da yaxşı nəticələnməməsinə baxmayaraq, idmançımızın özünü yaxşı cəhətdən göstərməsi və uğurlu nəticələr əldə etməsi üçün hələ irəlidə turnirlər vardır. Bu, 21-ci yerdə qərarlaşmış İlqar Müşkiyevə (60 kq) də aiddir.
Eyni vaxtda, 73 kiloqrama qədər çəki dərəcəsində hələlik 82-ci yerdə olan Renat Mirzəliyevlə bağlı vəziyyət aydın deyildir. Elmar Qasımov (100 kq) 30-cu, Emil Tahirov (+ 100 kq) 82-ci, Ramilə Yusubova (63 kq) isə 22-ci yerdədirlər.