Azərbaycanın qadın gimnastları Batumidə keçirilən beynəlxalq yarışda uğurla çıxış ediblər
Bakı, 31 avqust, AZƏRTAC
Batumidə artıq ikinci dəfədir keçirilən qadın idman gimnastikası üzrə beynəlxalq yarışda Azərbaycan komandası uğurla çıxış edib.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a bildiriblər ki, yarışda ölkəmizi qadın idman gimnastlarımız Marina Nekrasova, Mariya Smirnova və Yuliya İnşına təmsil ediblər.
İdmançılarımız yalnız Rusiya yığmasına uduzaraq komanda hesabında gümüş medala sahib olublar. Ev sahibləri isə üçüncü yerə layiq görülüblər.
Marina Nekrasova şəxsi hesabına 4 bürünc medal yazmaqla fərqlənib. O, çoxnövçülükdə, dayaqla tullanmada, müxtəlif hündürlüklü qollarda və sərbəst hərəkətlərdə üçüncü yerdə qərarlaşıb.
Digər təmsilçimiz Yuliya İnşına isə gimnastika tirində bürünc medal qazanıb.