Azərbaycanın təhsil işçiləri “eTwinning Plus” layihəsi çərçivəsində keçirilən tədbirlərə qatılıblar
Bakı, 29 may, AZƏRTAC
Türkiyənin İstanbul şəhərində və İtaliyanın paytaxtı Romada “eTwinning Plus” layihəsi çərçivəsində keçirilən tədbirlərdə Azərbaycanın təhsil işçiləri də iştirak ediblər.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə XXI əsr bacarıqları, kompüter elmlərinin tədrisi, layihə əsaslı təhsil mövzusunda müzakirələr aparılıb.
İstanbulda keçirilən seminarda Sumqayıt şəhər 26 nömrəli tam orta məktəbin müəllimi Könül Qaffarova, İsmayıllı rayon 1 nömrəli tam orta məktəbin müəllimi Bahar Abdullayeva və Leyla Babayeva, Romada təşkil olunan konfransda isə Bakı Avropa Liseyinin direktoru Aygün Mikayılova və Sumqayıt Təfəkkür Liseyinin direktoru Qönçə Səftərova iştirak ediblər.
Qeyd edək ki, “eTwinning Plus” layihəsi çərçivəsində ölkəmizdə indiyədək 244 məktəbdən 660 müəllimin iştirakı ilə 742 təhsil layihəsi həyata keçirilib. Eyni zamanda, “eTwinning Plus” layihəsində iştirak edən müəllimlərin pedaqoji bilik və bacarıqlarının artırılması məqsədilə online təlimlər, Avropanın müxtəlif ölkələrində seminar və konfranslar təşkil olunub. Bu layihə Azərbaycanda 2016-cı ildən etibarən Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.