Azərbaycanın ürək-damar cərrahiyyəsi sahəsində əldə etdiyi yeniliklər Türkiyədə təqdim olunub
Antalya, 18 aprel, AZƏRTAC
Azərbaycanın ürək-damar cərrahiyyəsi sahəsində əldə etdiyi nailiyyətlər beynəlxalq elmi platformalarda daha geniş şəkildə tanınmağa başlayır.
Türkiyənin Antalya şəhərində keçirilən Asiya-Sakit Okean Ürək-Döş və Damar Cərrahiyyəsi Cəmiyyətinin 2026-cı il konqresində (ASCVTS 2026) Azərbaycandan ümumilikdə 8 elmi işin qəbul edilməsi, bu sahədə ölkənin artan elmi potensialının göstəricisi kimi qiymətləndirilir.
AZƏRTAC xəbər verir ki, qəbul olunan tədqiqatların əhəmiyyətli hissəsinin ürək cərrahiyyəsinin mürəkkəb və yüksək texnoloji istiqamətlərini əhatə etməsi Azərbaycan kardiocərrahiyyə məktəbinin beynəlxalq standartlara uyğun inkişaf etdiyini təsdiqləyir. Bu fakt ölkənin təkcə regional deyil, daha geniş elmi məkanlarda da mövqelərini möhkəmləndirdiyini göstərir.
Qəbul edilən elmi işlər arasında tibb elmləri üzrə fəlsəfə doktoru Vüsal Hacıyev tərəfindən təqdim olunan tədqiqatlar xüsusi diqqət çəkir. Bakı Sağlamlıq Mərkəzində fəaliyyət göstərən ürək-damar cərrahının birbaşa klinik təcrübəsinə əsaslanan üç elmi iş müasir ürək cərrahiyyəsinin ən çətin problemlərinə həsr olunub.
Bu tədqiqatlardan biri ağır dərəcədə zəifləmiş ürək funksiyası olan xəstələrdə cərrahi revaskulyarizasiya metodlarının effektivliyini araşdırır. Digər iş eyni kateqoriyadan olan xəstələrdə ürək fəaliyyəti davam etdiyi şəraitdə hibrid cərrahi yanaşma ilə farmakoloji dəstəyin kombinasiyasını nəzərdə tutan kompleks müalicə strategiyasını əhatə edir. Üçüncü tədqiqat isə ağır ürək çatışmazlığı olan xəstələrdə əməliyyat zamanı kök hüceyrə terapiyasının tətbiqinə dair yeni yanaşmanı – klinik praktikada “Hacıyev texnikası” kimi təqdim olunan metodikanı elmi əsaslarla təhlil edir.
Konqresdə professor Kamran Musayevin təqdimatı xüsusi diqqət çəkib. O, aorta qapağının cərrahi bərpasına dair müqayisəli tədqiqatını, həmçinin ürəyin nadir birincili şişlərinin cərrahi idarəolunması ilə bağlı işini təqdim edib. Bundan əlavə, Kamran Musayev hipertrofik kardiomiopatiyada mürəkkəb obstruktiv fenotipin cərrahi idarəolunmasına dair geniş məruzə ilə də çıxış edib.
Kamran Ahmadov isə uşaqlarda anadangəlmə ürək qüsurlarının minimal invaziv üsullarla korreksiyası və mürəkkəb ağciyər arteriyası patologiyalarında “Fontan əməliyyatı”na dair iki elmi işlə çıxış edib.
Fəxrəddin Ələkbərov nadir aorta sindromlarında hibrid cərrahi yanaşmanın tətbiqinə dair klinik nəticələri əks etdirən tədqiqatını təqdim edib.
Qeyd edək ki, ASCVTS konqresi Asiya-Sakit okean regionunda kardiotorakal cərrahiyyə sahəsində ən nüfuzlu elmi platformalardan biri hesab olunur. Belə bir tədbirdə Azərbaycandan 8 elmi işin qəbul olunması, xüsusilə yüksək texnologiyalı və kompleks klinik yanaşmaları əhatə edən tədqiqatların seçilməsi ölkənin tibb elminin beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edildiyini göstərir.
Son illərdə Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlar və tibb infrastrukturunun müasirləşdirilməsi ürək-damar cərrahiyyəsinin inkişafına birbaşa təsir göstərib. Dövlət siyasətində bu sahənin prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilməsi, həmçinin beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi yerli mütəxəssislərin qlobal elmi mühitə inteqrasiyasını sürətləndirir.
Nəticə etibarilə, ASCVTS 2026 çərçivəsində Azərbaycan kardiocərrahlarının geniş və çoxşaxəli elmi iştirakı ölkənin tibb elminin nailiyyətlərinin beynəlxalq səviyyədə təsdiqi kimi qiymətləndirilir. Bu iştirak həm də göstərir ki, Azərbaycan ürək cərrahiyyəsi sahəsində artıq yalnız regional deyil, qlobal miqyasda rəqabət aparan və innovativ yanaşmalar təqdim edən elmi məktəblərdən birinə çevrilməkdədir.