Azərbaycanın və Acarıstan MR-in iş adamları arasında birgə əməkdaşlığın perspektivləri müzakirə olunub
Tbilisi, 14 sentyabr, AZƏRTAC
“Caspian Energy Club”un İdarə Heyətinin sədri Telman Əliyevin başçılığı ilə Azərbaycan iş adamları Batumiyə səfər ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvləri Acarıstan Muxtar Respublikasının maliyyə və iqtisadiyyat naziri Jaba Putkaradze, Ticarət və Sənaye Palatasının sədri Qiorqi Romanadze, eləcə də Batumi şəhərinin meri Arçil Çokovani ilə görüşüblər.
Azərbaycanın Batumidəki Baş konsulluğundan AZƏRTAC-a bildiriblər ki, bu görüşlərdə Azərbaycanlı iş adamlarının Gürcüstan iqtisadiyyatına sərmayə qoymaq imkanları, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı, turizm və digər mühüm sahələr üzrə əməkdaşlığın aspektləri, eləcə də “Caspian Energy Club”un Gürcüstan üzrə nümayəndəliyinin fəaliyyəti müzakirə olunub.
Acarıstan rəsmiləri azərbaycanlı iş adamlarının biznes təkliflərini dinləyib, zəruri məsləhətlərini verib, iki ölkə arasında iqtisadi münasibətlərin dərinləşməsində müşahidə olunan müsbət dinamikanı xüsusi qeyd ediblər.
Gürcüstan rəsmiləri ilə aparılan danışıqlar zamanı işğaldan azad olunmuş torpaqlarımızda aparılan bərpa işləri, həmin ərazilərin iqtisadi potensialına xüsusilə önəm verilmişdir.
Görüşlərdə Azərbaycanın Batumidəki Baş konsulu Pərviz İsmayılzadə də iştirak edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi