Azərbaycanla Belarus arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Minsk, 2 noyabr, AZƏRTAC
Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev bu ölkənin təhsil naziri İqor Karpenko ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkənin təhsil müəssisələri arasında tələbə və müəllim mübadiləsi, universitetlər arasında ikili diplomların verilməsi və Belarusun peşə məktəbləri sahəsində təcrübəsinin Azərbaycanda tətbiqi məsələləri müzakirə olunub.
Səfir Ülvi Baxşəliyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko arasında olan dost, yaxın münasibətlər əməkdaşlığın inkişafına öz töhfəsini verir. İkitərəfli münasibətlər böyük potensiala, yaxşı dinamikaya malikdir. Səfirin sözlərinə görə, digər sahələrdə olduğu kimi, təhsil sahəsində də münasibətlər inkişaf etməkdədir.
Səfir Azərbaycanın işğal olunmuş ərazilərində bütün infrastrukturun dağıdıldığını, bir dənə də olsun təhsil müəssisəsinin qalmadığını vurğulayıb. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə sürətli təmir bərpa işlərinin getdiyini, bütün infrastrukturun, məktəblərin və kitabxanaların qısa vaxtda yenidən tikiləcəyini bildirib.
Belarusun təhsil naziri İqor Karpenko Azərbaycanla təhsil sahəsində əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.
Görüşdə maraq doğuran digər məsələlər də müzakirə edilib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk