Azərbaycanla Belçika arasında muzey texnologiyaları sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 29 mart, AZƏRTAC
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov Belçikaya səfəri çərçivəsində Brüqqe şəhərində muzey texnologiyaları sahəsində ixtisaslaşmış nüfuzlu “Alfavision” şirkətinin baş icraçı direktoru Hans Vandammenlə görüşüb.
Qoruq İdarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər arasında qədim İçərişəhər haqqında maraqlı fikir mübadiləsi aparılıb.
Əsgər Ələkbərov bildirib ki, təmsil etdiyi qurum tərəfindən artıq iki ilə yaxındır Qoşa qala meydanında yerləşən və 1806-cı ildən etibarən diqqətdən kənarda qalmış tarixi Bakı Xanları Evi bərpa edilir. Bu tarixi missiyasının uğurla başa çatması, tariximizin əbədiyaşar olmasını təmin etmək məqsədilə həmin məkanda innovativ texnologiyanın vacib rol oynadığı muzey yaradılır.
“Alfavision” şirkətinin baş icraçı direktoru Hans Vandamme ikitərəfli əməkdaşlıqdan məmnunluğunu ifadə edərək Azərbaycanda tarixi irsə, incəsənətə verilən dəyəri yüksək qiymətləndirib və İçərişəhərdə yaradılacaq yeni muzeyin tarixə səyahət üçün əvəzolunmaz məkana çevriləcəyini bildirib.