AZƏRBAYCANLA KOREYA RESPUBLİKASI ARASINDA ƏMƏKDAŞLIQ UĞURLA İNKİŞAF EDİR
DGK sədri ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin durmadan yaxşılaşdığını bildirmişdir.
Ötən il ölkəmizdə Koreya mədəniyyəti və kinosu günlərinin keçirildiyini söyləyən Kəmaləddin Heydərov vurğulamışdır ki, bu cür tədbirlərin mütəmadi xarakter alması ölkələrimiz arasında əməkdaşlığa gözəl nümunədir. O, eyni zamanda, Koreya idman növü olan taekvondonun Azərbaycanda uğurlu inkişafından da söhbət açmışdır.
İki ölkənin iqtisadi-ticarət əlaqələrinin genişlənməsində gömrük orqanlarının da üzərinə mühüm vəzifələr düşdüyünü nəzərə çarpdıran Kəmaləddin Heydərov ölkələrimiz arasında idxal-ixrac əməliyyatlarının son illərdəki dinamikasını rəqəmlərlə göstərmiş, gömrük əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyinə toxunmuşdur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan islahatlar, gömrük xidmətinin keçdiyi inkişaf yolu haqqında da fikirlərini açıqlayan komitə sədri fevralın 2-də Bakıda keçiriləcək DGT Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin Konfransı barədə də qonağa məlumat vermişdir.
Səfir Mun Hayonq Azərbaycanda böyük, müsbət dəyişikliklər olduğunu məmnunluqla dilə gətirmiş, Azərbaycan gömrük xidmətinin işini yüksək dəyərləndirmişdir. Onun sözlərinə görə, DGT Avropa Regionu Gömrük Xidmətləri Rəhbərlərinin Bakıda bir araya gəlməsi Dövlət Gömrük Komitəsinin beynəlxalq aləmdə artan nüfuzunun bariz nümunəsi kimi qiymətləndirilə bilər.
Görüşdə iki ölkə arasında iqtisadi, siyasi, mədəni əlaqələrin genişləndirilməsi, gömrük sahəsində səmərəli iş birliyi, etibarlı tərəfdaşlıq əlaqələrinin inkişafı istiqamətində görülən və görüləcək işlər barəsində söhbət aparılmışdır.