Azərbaycanlı akademik Kiyevdə keçirilən beynəlxalq konfransda iştirak edib
Kiyev, 2 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev Ukrayna Elmlər Akademiyasının Riyaziyyat İnstitutunda AMMODİT (Approximation Methods for Molecular Modelling and Diaqnosis Tools) konfransının açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, konfransda Avropanın bir çox ölkələrindən (Almaniya, Çexiya, Belarus və s.) 55 tanınmış alim iştirak edib. Fikrət Əliyev institutda aparılan tədqiqat işləri haqqında 20 dəqiqəlik məruzə ilə çıxış edib. O, əldə edilən nəticələr əsasında əməkdaşlıq qurmaq üçün almaniyalı professor C.Tunik ilə müzakirələr aparıb.
AMMODİT 2017-2019-cu il üçün Avropa Şurası tərəfindən maliyyələşdirilən qrant layihəsidir. Bu layihənin davamı olan SOMPATY (Spectral Optimization: From Mathematics to Physics and Advanced Texnology) 2020-2023-cü illərdə yenidən Avropa Şurası tərəfindən maliyyələşdiriləcək. BDU-nun Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun və mexanika-riyaziyyat fakültəsinin iştirak etdiyi layihədə Azərbaycan, Almaniya, Çexiya və Ukrayna birgə çalışacaq.
Konfransda layihənin şərtləri, Azərbaycan tərəfinin öhdəlikləri müzakirə olunub.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev