Azərbaycanlı alim Kazan Milli Tədqiqat Texnoloji Universitetində mühazirə oxuyub
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov Tatarıstanın “Alqarış” tədris proqramı olan “Neft-qaz kimyasının perspektiv prosesləri” qrantı üzrə Kazan Milli Tədqiqat Texnoloji Universitetində ezamiyyətdə olub.
NKPİ-dən AZƏRTAC-a bildiriblər ki, azərbaycanlı alim universitetin tələbə və müəllimləri üçün “Azərbaycanın unikal neftləri” (əsasən müalicəvi Naftalan nefti), “Konservasiya mayeləri və onların əsas komponentləri”, “Azot tərkibli üzvi birləşmələrin sənayedə istifadə perspektivləri” və digər mövzularda ümumilikdə beş mühazirə oxuyub.
Vaqif Abbasov universitetin rektoru, Tatarıstan Elmlər Akademiyasının müxbir üzvü Sergey Yuşko ilə görüşüb. Görüşdə əməkdaşlıq müqaviləsi imzalanıb.
Səfər çərçivəsində müxtəlif təşkilat, institut və müəssisələrin hər biri ilə sıx əməkdaşlıq işinin təşkili müəyyənləşdirilib.
Ezamiyyət müddətində V.Abbasov Tatarıstan Elmlər Akademiyasının prezidenti, akademik Myakzyum Salaxov, akademiklər Ayrat Abdulin, Axmet Mazqarov ilə görüşüb, fikir mübadiləsi aparıb, əməkdaşlıq imkanlarını müzakirə edib. Həmçinin azərbaycanlı alim Kazan Milli Tədqiqat Texnoloji Universitetinin nəzdindəki kimya liseyində və 7 nömrəli lisey internatda şagirdlərlə görüşüb, onlara ustad dərsləri keçib.