Azərbaycanlı gənclər Tbilisidə Ulu Öndərin abidəsini ziyarət ediblər
Tbilisi, 29 may, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə bir qrup gənc Tbilisidə səfərdədir.
AZƏRTAC xəbər verir ki, mayın 29-da gənclər Tbilisidəki Heydər Əliyev parkında olublar.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və gənclər ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə gül dəstələri düzüblər.
Sonra gənclər Tbilisidəki Botanika bağında “köhnə müsəlman qəbiristanlığı”nda Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyskinin və Həsən bəy Ağayevin, Azərbaycan dramaturgiyasının banisi M.F.Axundzadənin, dahi şair Mirzə Şəfi Vazehin və digər görkəmli şəxslərin məzarlarını ziyarət ediblər.
Gənclər, həmçinin M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində olublar.
Səfərin əsas təşkilatçılarından olan Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov jurnalistlərə müsahibəsində deyib ki, gənclər təşkilatlarının nümayəndələri, həmçinin Tbilisidə 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu binada olacaq, burada azərbaycanlı və gürcü həmyaşıdları ilə görüşəcəklər.
Bakıdan gəlmiş tarixçi alimlər gənclərə Zaqafqaziya Seyminin fəaliyyəti, Azərbaycan Xalq Cümhuriyyəti və Gürcüstan Demokratik Respublikasının yaranması, tarixi əhəmiyyəti və süqutunun səbəbləri barədə mühazirə oxuyacaqlar.
Tədbir çərçivəsində “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunacaq.
Səfər çərçivəsində Azərbaycan və Gürcüstanda yaşayan gənclər arasında birbaşa əlaqələrin qurulması, “dostluq körpüsü”nün yaradılması istiqamətində məsləhətləşmələr aparılacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi