Azərbaycanlı tələbələr Şanxayda keçirilən mədəniyyət sərgisində ölkəmizi tanıtmışlar
Şanxay, 18 noyabr (AZƏRTAC). Şanxaydakı Şərqi Çin Pedaqoji Universitetində ənənəvi Yeddinci Beynəlxalq Mədəniyyət Sərgisi keçirilmişdir.
Bu universitetdə təhsil alan Faiq Hacıyev və Zamir Qurbanovun təşkilatçılığı, Şanxaydakı digər tələbələrimizin dəstəyi ilə yaradılan Azərbaycan stendi hər il olduğu kimi, bu dəfə də ziyarətçilərin marağına səbəb olmuşdur. Nümayiş olunan eksponatlar Azərbaycanın tarixini, hazırkı vəziyyətini, gələcək inkişafını özündə ehtiva etmişdir. Çinli və əcnəbi ziyarətçilər Azərbaycan xalçaları ilə bağlı materiallara xüsusi diqqət göstərmişlər. Həmin materiallar ali təhsil ocaqlarının müəllimlərinə dərs vəsaiti kimi istifadə olunmaq üçün təqdim edilmişdir.
İki gün davam edən sərgidə 35 ölkənin təmsilçiləri iştirak etmişlər.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Şanxay