MƏDƏNİYYƏT
Azərbaycanlı violonçel ifaçısı Londonda konsert proqramı ilə çıxış edəcək
Bakı, 16 yanvar, AZƏRTAC
Azərbaycanlı violonçel ifaçısı, beynəlxalq müsabiqələr laureatı Camal Əliyev fevralın 13-də Londonda “Wigmore Hall”da konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC musiqiçinin saytına istinadla xəbər verir ki, konsertdə H.Eklz, F.Şubert, F.Şopen və B.Martinunun əsərləri səsləndiriləcək. Camal Əliyevi konsertdə Daniel Evans (fortepiano) müşayiət edəcək.
C.Əliyev Türkiyə, Böyük Britaniya, Fransa, İsveçrə, Çin və başqa ölkələrdə festivallarda iştirak edib, solo konsertlər verib. O, Azərbaycan tarixində ilk dəfə BBC radiosunda orkestrin müşayiəti ilə solo çıxış edib, “BBC Introducing Classical Artist” proqramının iştirakçısı olub.
Müsabiqələr laureatı D.Evans Böyük Britaniya, Almaniya, İspaniya, Çin, ABŞ və digər ölkələrdə solo konsert proqramları ilə çıxış edib.