İQTİSADİYYAT
“Azercell” dördüncü nəsil şəbəkəsinin əhatə dairəsini genişləndirir
Bakı, 19 iyun, AZƏRTAC
“Azercell Telekom” sürətli mobil internetə olan tələbatı nəzərə alaraq, 4G şəbəkəsini intensiv şəkildə inkişaf etdirir. Şirkət təkcə 2016-cı ilin ötən 5 ayı ərzində Bakıda və Abşeron yarımadasında 177 yeni LTE stansiyası quraşdırıb. İyunun sonlarına isə stansiyaların sayının 220-yə çatdırılması planlaşdırılır.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, hazırda həmin ərazidə 4G stansiyalarının sayı 480-ə çatdırılıb. Bununla da sürətli mobil internetə ən çox tələbat olan Bakı və Abşeronun 4G ilə əhatə olunması səviyyəsi 79 faizə çatıb və abunəçilər 100 Mb/s qədər sürətli internetdən istifadə edə bilərlər.
Yaxın zamanda bölgələrdə də 4G şəbəkəsini genişləndirmək niyyətində olan “AzerceII” sürətli mobil interneti hamı üçün əlçatan etmək məqsədilə digər vacib tədbirlər də həyata keçirib.