“AZERCELL” NÖVBƏTİ YAY KAMPANİYASINA BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, ”Azercell Telekom” MMC iyunun 1-dən avqustun 31-dək növbəti yay kampaniyası keçirir. Dünya telekommunikasiya sektorunda ilk yaradılan öncədən ödəmə sistemlərindən biri olan SimSim-in 10 illiyinə həsr olunmuş və “Yubiley hədiyyələri” adlanan bu kampaniya çərçivəsində “Azercell”in bütün abonentləri dəyərli hədiyyələr qazanacaqlar.
Bu münasibətlə iyunun 2-də “Park İNN Azərbaycan” mehmanxanasında keçirilən tədbirdə “Azercell Telekom”un baş direktoru A.Halim Atəş şirkətin əldə etdiyi uğurlardan danışmış, yeni kampaniya barədə məlumat vermişdir.
Kampaniya çərçivəsində abonentlər 10 “Toyota Corolla” avtomobili və 10 milyon pulsuz dəqiqə əldə edə bilərlər. Bunun üçün “Azercell” abonentləri dəyəri 10, 20, 40, 100 və 200 manat olan xüsusi ödəmə kartları, 2, 5, 10, 20 və 40 manat olan xüsusi SimSim danışıq kartlarını alıb üzərində boya örtüklü xüsusi şifrəni pozub, yazını oxumalıdırlar. Uduşlu kartların hədiyyə pəncərəsindəki yazılar - “Avtomobil”, “x manat balansa hədiyyə” (uduş əldə olunmuş ödəmə kartının nominalına uyğun məbləğdir) və “x kontur hədiyyə” (hədiyyə konturların sayı əldə olunmuş SimSim danışıq kartının nominalına uyğundur) sizə müfaviq hədiyyələri qazandıracaqdır. Uduşsuz kartlarda isə “bir daha sınayın” yazısı çap edilmişdir. Qeyd edək ki, kampaniyada iştirak edən bütün kartların üzərində “10 maşın və 10 milyon pulsuz dəqiqə” yazısı olmalıdır.
Kampaniyanın əsas hədiyyələrini “Toyota-Corolla” avtomobillərini qazanan şəxslər hədiyyəsini əldə etmək üçün uduşlu kartı 2009-cu il yanvarın 31-dək Bakıda “Azercell”in baş ofisinə, bölgələrdə isə Azercell Müştəri Xidmətləri və ya Azercell Ekspres ofislərinin birinə təqdim etməlidirlər. Uduşlu kart onu təqdim edən şəxsdə qalır və hədiyyə təqdim olunarkən “Azercell”-ə təhvil verilir. “Toyota Corolla” avtomobilləri yalnız “Azercell”in baş ofisində təqdim olunacaqdır.
Balansa hədiyyə qazanmış şəxslər bu hədiyyəni Azercell GSM nömrəsinin balansına 650CELL və ya YükləCELL xidməti vasitəsilə, kontur qazananlar isə hədiyyə konturlarını balansına 1001CELL və ya 101CELL xidmətləri vasitəsilə yükləyəcəklər. Balansa hədiyyə və uduşlu konturlar istənilən vaxt yüklənilə bilər. “Maksimum” proqramının iştirakçısı üçün nəzərdə tutulan konturları qazanmış hər bir şəxs isə bu hədiyyə konturlarını balansına üçüncü 13-rəqəmli şifrəni 7777 qısa nömrəsinə göndərməklə yükləyə bilər. Uduşlu konturlar kontur istifadə müddətini artırmır. Balansa yüklənilən sonuncu - nominalı ən böyük olan - SimSim danışıq kartı konturlarının istifadə müddəti qüvvədə qalır.