İQTİSADİYYAT
“Azercell” “Portal 111” xidmətini istifadəyə vermişdir
Bakı, 3 mart (AZƏRTAC). “Azercell Telekom” abunəçiləri üçün yeni “Portal 111” xidmətini istifadəyə vermişdir. Bu xidmət sayəsində “Azercell” abunəçiləri telefonlarından *111#YES (OK) komandasını yığaraq “Portal 111”-ə pulsuz daxil olub, müxtəlif xidmətlərdən istifadə edəcəklər.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Portal 111”-in daxilində abunəçilər 1-9 düymələrindən istifadə edərək müxtəlif kateqoriyaları seçə bilərlər. Həm “Fakturalı”, həm də “SimSim” xətt abunəçiləri “Portal 111”-in ümumi menyusuna daxil olaraq, orada göstərilən xidmət siyahısı vasitəsilə onlara uyğun olan xidmətlərdən istifadə edə biləcəklər.
Bu xidmət “SimSim” xətt abunəçilərinə “Simkredit”, “Günlük Gizlətcell”, “Rominq xidməti”, “SMS paketləri”, “MMS paketləri”, “Mobil internet paketləri”, “Balans” haqqında məlumat və “Yardım” xidmətlərindən istifadə etmək hüququ qazandırır. Eyni zamanda “Azercell Fakturalı” xətt abunəçiləri də “Günlük Gizlətcell”, “SMS paketləri”, “MMS paketləri”, “Mobil internet paketləri”, “Balans” haqqında məlumat və “Yardım” xidmətlərindən yararlana bilərlər.