İQTİSADİYYAT
“Azercell”in Onlayn Müştəri Xidmətlərində bir sıra yeniliklər edilib
Bakı, 14 iyul, AZƏRTAC
Ölkədə ilk dəfə olaraq 2011-ci ildə “Azercell” şirkəti tərəfindən istifadəyə verilən Onlayn Müştəri Xidmətləri portalında istifadəçilər üçün bir sıra yeniliklər edilib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, daha müasir və xoş dizaynda abunəçilərə təqdim edilən Onlayn Müştəri Xidmətləri portalında indi qeydiyyat forması daha da sadələşdirilib. “Azercell” müştəri xidmətinə hansısa sualı olan və ya öz nömrəsində əməliyyat aparmaq istəyən abunəçilər şirkətin rəsmi www.azercell.com saytında qeydiyyatdan keçdikdən sonra şifrə birbaşa abunəçinin mobil telefonuna göndərilir. Saytda qeydiyyatdan keçən abunəçilər dərhal müştəri xidmətləri əməkdaşı ilə real zaman rejimində söhbət (çat) aparıb onlara istədikləri sualı verə və ya nömrədə müvafiq əməliyyatı aparmaq imkanını əldə edə bilər. Bundan əlavə, müştəri xidmətləri əməkdaşı ilə yazışma zamanı abunəçi, ehtiyac olan zaman hər hansı məktub, sənəd, və ya fakturanı da əlavə edərək göndərə bilər.
Ən önəmli yenilik isə ondan ibarətdir ki, indi abunəçilər mobil telefonlarından daha rahat şəkildə onlayn müştəri xidmətləri portalından istifadə edə bilərlər. Abunəçilər “Azercell”in təqdim etdiyi Onlayn Xidmətlərdən aşağıdakı link vasitəsilə yararlana bilər: https://www.azercell.com/selfservice/client/
Bu xidmət xüsusilə telefona çıxışı olmayan və ya xaricdə səfərdə olan müştərilər üçün də faydalıdır. Onlar rominqdə ikən beynəlxalq zənglərə pul xərcləmədən “Azercell” ilə əlaqə yaradır, xidmətlər və tariflər barədə sualları birbaşa müştəri xidmətləri təmsilçisinə yönəldirlər.