“Azəriqaz” güclü küləyin fəsadlarını açıqlayıb



Bakı, 7 fevral, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyi güclü küləyin fəsadlarını açıqlayıb.
Birlikdən AZƏRTAC-a bildirilib ki, fevralın 6-da gecə saatlarında əsən güclü külək Yasamal rayonu, “Qanlı göl” adlanan ərazidə yerləşən yeni yaşayış massivində ağacı 76 millimetr diametrində olan qaz xəttinin üzərinə aşırıb. Qaz sızmasının qarşısı alınıb. Bərpa işləri aparılır.
Sabunçu rayonundakı Savalan yaşayış massivində, “David” marketin yaxınlığında vətəndaşa məxsus həyətyanı sahənin hasarının uçması nəticəsində 50 millimetr diametrində siyirtmə qırılıb. Müvəqqəti olaraq 50 abonentin qaz təchizatı dayandırılıb.
Xətai rayonu, Mehmandarov küçəsində, hazırda fəaliyyət göstərməyən çörək sexinə məxsus qaz xəttinin üzərinə ağac aşıb. Kəmər birləşmə yerindən qopub.