“Azərişıq” ASC “Aran” RETSİ-də yenidənqurma işlərini davam etdirir
Bakı, 26 may, AZƏRTAC
“Azərişıq” ASC “Aran” Regional Elektrik Təchizatı və Satış İdarəsində (RETSİ) yenidənqurma işlərini uğurla davam etdirir.
Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyasət, həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı proqramı respublikamızın inkişaf dinamikasını daha da sürətləndirir. Bütün sahələrdə olduğu kimi elektrik təsərrüfatlarının yenidən qurulması da bu inkişaf dinamikasına öz töhfəsini verməkdədir. Aparılan işlər “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın tərkib hissəsi olmaqla Aran regionunda kənd təsərrüfatının, aqrar sənaye komplekslərinin dayanıqlı elektrik təchizatının təmin edilməsinə yönəlib.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 110 kilovoltluq (kV) I və II Beyləqan hava xətlərində aparılan səmərəli işlər nəticəsində Beyləqan və Füzuli rayonlarının ikitərəfli elektrik enerjisi təchizatı təmin edilib. Aparılan işlər nəticəsində yüzlərlə fermer təsərrüfatı, sahibkarlıq obyektləri, minlərlə hektar kənd təsərrüfatı sahələrinin suvarma sistemləri, eləcə də Beyləqan və Füzuli rayonlarının 140 min nəfər əhalisi fasiləsiz elektrik enerjisi ilə təmin olunur.
2017-ci ildə 35/10 kV-luq “Zərdab” yarımstansiyasında yenidənqurma işlərinə başlanılıb, transformatorlarının gücü 2 ədəd 10 MVA olan müasir tipli yarımstansiya inşa edilib. Yeni tikilən yarımstansiyanın dayanıqlı elektrik təchizatı üçün 110/35/10 kV-luq Ucar yarımstansiyasından 30 kilometr məsafədə yeni ikidövrəli 35 kV-luq “Ucar-Zərdab” hava xətti tikilib istifadəyə verilib. Bundan sonra 35/6 kV-luq “Kür-Nasos” stansiyasının da normal iş rejimi bərpa edilib, minlərlə hektar ərazinin suvarılması təmin olunub.
İmişli rayonu ərazisində 1970-cı ildə istismara verilmiş, 5 yaşayış məntəqəsini və İmişli şəhərinin bir hissəsini elektrik enerjisi ilə təmin edən 35/10 kV-luq “Rəsullu” yarımstansiyası da yenidən qurulub. Yarımstansiyada gücü 4 MVA olan 1 ədəd transformator müasir tipli gücləri 6,3 MVA olan 2 ədəd transformatorlarla əvəzlənib, 35 və 10 kV-luq qapalı paylayıcı qurğu tikilərək müasir tipli elektrik avadanlıqları quraşdırılıb. Görülmüş işlər əhalinin və kənd təsərrüfatı ilə məşğul olan fermer və sahibkarların fasiləsiz və keyfiyyətli enerji ilə təmin edilməsinə səbəb olub. Yarımstansiyanın dayanıqlı elektrik təchizatının təmin edilməsi məqsədilə 330 kV-luq İmişli yarımstansiyasından 9,5 kilometr məsafədə ikidövrəli hava elektrik verilişi xətti (EVX) çəkilib. Yeni tikilmiş xəttin birinci dövrəsinə 35/10 kV-luq “Muğan” yarımstansiyası, ikinci dövrəsinə isə 35/6 kV-luq “Çahar” yarımstansiyası qoşulub.
Hazırda əsasən sənaye obyektlərini elektrik enerjisi ilə təmin edən 35/6 kV-luq “Bəhrəmtəpə-1” yarımstansiyasında yenidənqurma və genişləndirmə işləri aparılır. İşlər başa çatdıqdan sonra ən çox sənaye müəssisələrinin yerləşdiyi Bəhrəmtəpə qəsəbəsində bu müəssisələrin dayanıqlı elektrik təchizatı təmin ediləcək.
Suvarma mövsümündə nasos qurğularının və digər istehlakçıların daha keyfiyyətli elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün 35/10 kV-luq Qiyamadınlı yarımstansiyası yenidən qurulub. Yarımstansiyada 2 ədəd müasir tipli transformator quraşdırılıb, qapalı paylayıcı qurğu inşa edilib, digər müasir tipli avadanlıqlar qoyulub. Görülən işlərdən sonra Hindarx ərazisində 9053 abonentin, o cümlədən ərazilərinin 90 faiz suvarma nasosları ilə suvarılan əkin sahələrinin fasiləsiz enerji təchizatı təmin edilib.
Ağcabədi Elektrik Şəbəkəsinin 35/10 kV-luq “Ağcabədi-2” yarımstansiyasında 35 kV-luq gərginlikdən 110 kV-luq gərginliyə keçirilməklə yenidənqurma işləri aparılır. Bu işlər yekunlaşdıqdan sonra Ağcabədi şəhər əhalisinin, eləcə də tikintisi nəzərdə tutulan aqrar-sənaye komplekslərinin artan tələbata uyğun dayanıqlı elektrik enerji təchizatı təmin ediləcək.
Rayon ərazisində 35/10 kV-luq “Qaradağlı” yarımstansiyası və yarımstansiyanı qidalandıran 35 kV hava elektrik verilişi xətti cəbhəboyu ərazidə Hindarx-Ağdam magistral yolunun sol tərəfində, Əfətli kəndinin yaxınlığında 1 ədəd 35/10 kV-luq, transformatorlarının gücü 2 ədəd 6,3 MVA olan 35/10 kV-luq “Əfətli” yarımstansiyası inşa edilib. Görülən işlərdən sonra həmin ərazidə əhalinin və əkin sahələrinin fasiləsiz enerji təchizatı təmin olunub.
Uzun müddət istismarda olan 7 ədəd 35/10-6 kV-luq yarımstansiya yenidən qurulub, müasir standartlara cavab verən elektrik avadanlıqları ilə təchiz edilib. 2 ədəd yeni 35/10 kV-luq yarımstansiya inşa edilərək istifadəyə verilib. Xidməti ərazidə 2 ədəd istismar müddətini başa vurmuş 35-luq EVX, 16 ədəd 10 kV-luq EVX yenidən qurulub, 5 ədəd 35-kV-luq xətdə, 12 ədəd 10 kV-luq xətdə əsaslı təmir işləri aparılıb.
Regionda aşağıgərginlikli paylayıcı şəbəkələrin özünüdaşıyan izolyasiyalı naqillərlə (ÖİN) yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülüb. Ağcabədi rayonunun 5, Beyləqan rayonunun 6, Ağdam rayonunun 5, Füzuli rayonunun 7, Zərdab rayonunun 11, İmişli rayonunun 10 yaşayış məntəqəsində Cəbrayıl sahəsində yerləşən qəsəbələrdə ümumilikdə 41 kənd və qəsəbədə mövcud, həyətyanı sahələrdən keçən elektrik xətləri ÖİN-lərlə əvəzlənib, uçot dəstləri kənara çıxarılıb.
Hazırda İmişli rayonu Hacırüstəmli kəndində, Füzuli rayonu Yağlıvənd, Ağdam rayonu Çıraqlı, Sarıcalı, Əhmədağalı kəndlərində, Ağcabədi rayonu Hüsülü, Avşar, Boyat kəndlərində, Beyləqan rayonu I Şahsevən kəndində işlər davam etdirilir, 15500 ədəd SMART sayğac quraşdırılıb, 24921 ədəd qüsurlu sayğac dəyişdirilib, ümumilikdə 44355 ədəd uçot dəsti bərpa edilib. Region üzrə 170 milyon kVts elektrik enerjisinə qənaət olunub. Əvvəllər itkilər 13,5 faiz təşkil edirdisə, şəbəkələrin texniki vəziyyətinin mövcud normaların tələblərinə uyğun vəziyyətə gətirilməsi, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi istiqamətində aparılan işlər nəticəsində hazırda itkilər 12 faizdən aşağı düşüb.