“Azərişıq” Bakı və ətraf ərazilərdə yeni güc mərkəzləri yaradır
Bakı, 6 avqust, AZƏRTAC
Abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC regionlarla yanaşı, paytaxt və ətraf ərazilərində elektrik təsərrüfatını yeniləyir.
ASC-dən AZƏRTAC-a bildirilib ki, yaşayış məntəqələrində 0.4, 6 və 10 kV-luq yeni dayaqlar əkilir, 0.4 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər çəkilir. Həmçinin 6 və 10 kV-luq hava elektrik verilişi xətlərində əsaslı təmir və yenidənqurma işləri aparılır. Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə müasir komplekt transformator məntəqələri (KTM) quraşdırılır, sayğaclar yeniləri ilə əvəz olunur.
Yenidənqurma işləri çərçivəsində Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisində yerləşən Nardaran qəsəbəsi Ləhic bağları, Buzovnada isə Albalılıq yaşayış massivində 400 kVA gücündə yeni KTM-lər quraşdırılıb. Ümumilikdə Maştağa ETSİ ərazisində ilin sonunadək 30 ədəd yeni güc mərkəzi yaradılacaq.
Xəzər rayonunda da elektrik şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir. Binə Atçılıq və Binə Südçülük yaşayış massivlərində 6/0.4 və 10/0.4 kV-luq yeni güc mərkəzləri yaradılıb. Həmçinin köhnə sayğaclar yeniləri ilə əvəz olunub. Rayon ərazisində Binə Sovxoz, Buzovna Albalılıq, Şüvəlan, Mərdəkan, Şağan ərazilərində yeni güc mərkəzlərində işlər davam edir.
Bağlar ETSİ-nə daxil olan Məmmədli, Mehdiabad, Novxanı, Corat və Saray qəsəbələrində də elektrik təsərrüfatı yenidən qurulur. Adıçəkilən yaşayış məntəqələrində ilin sonunadək ümumilikdə 16 ədəd yeni KTM-in quraşdırılıb istismara verilməsi planlaşdırılır.
“Azərişıq” ASC Prezident İlham Əliyevin tapşırıqlarına əsasən paytaxtla yanaşı, ölkənin bütün regionlarında, kənd və qəsəbələrdə əsaslı təmir və yenidənqurma işlərini davam etdirir.