“Azəristiliktəchizat” ASC və Dünya Bankı əməkdaşlıq imkanlarını müzakirə edib
Bakı, 11 may, AZƏRTAC
"Azəristiliktəchizat" ASC-də Dünya Bankının Yaşıl və Dayanıqlı şəhərlər üzrə missiyası çərçivəsində ölkəmizdə işgüzar səfərdə olan bankın baş mütəxəssisi Ellen Hamilton və aparıcı mütəxəssisi Tuo Şid ilə görüş keçirilib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, "Azəristiliktəchizat" ASC sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev qonaqlara istilik təchizatının mövcud vəziyyəti, cəmiyyətin qarşısında duran vəzifələr və istilik təchizatı sahəsində aparılan islahatlar, həmçinin enerji resurslarından səmərəli istifadə ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib, Azərbaycanda istilik təchizatı sahəsində beynəlxalq təcrübə öyrənilməklə islahatların sürətləndirilməsi, bərpaolunan enerji mənbələrindən istifadə, kommersiyalaşdırma və bazar iqtisadiyyatı prinsipləri əsasında sahənin perspektiv inkişaf istiqamətləri üzrə təkliflərin hazırlanmasında bu görüşlərin əhəmiyyətindən söz açıb.
Dünya Bankının mütəxəssisləri dayanıqlı şəhərlərin inkişafı ilə bağlı aparılan diaqnostik qiymətləndirmələrə dair məlumat verib, istilik təchizatı sahəsinin dayanıqlı şəhərsalma və enerji səmərəliliyi üçün önəmli olduğunu qeyd ediblər.
Dünya Bankının Yaşıl və Dayanıqlı şəhərlər üzrə missiyası “Azəristiliktəchizat” ASC-də həyata keçirilən islahatların vacib olduğunu, istilik təchizatı sahəsi üzrə sektor strategiyasının hazırlanması və şirkətdə aparılan islahatların dəstəklənməsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.